Prezident Donald Trampın Polşaya əlavə 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlaması Vaşinqtonun Avropadakı hərbi strategiyası ətrafında yaranan qarışıqlığı daha da artırıb. Son həftələrdə ABŞ administrasiyasının Avropadakı hərbi kontingenti azaltmağa hazırlaşdığı barədə açıqlamalar fonunda verilən bu qərar NATO daxilində və Avropa paytaxtlarında ciddi təəccüb doğurubVAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, Tramp sosial şəbəkə hesabında yaydığı açıqlamada qərarın səbəbini Polşanın yeni prezidenti Karol Navroskiylə olan münasibətləri ilə əlaqələndirib. ABŞ prezidenti bildirib ki, Navrotskinin seçkilərdə qazandığı uğur və iki ölkə arasındakı yaxın münasibətlərlə əlaqədar Polşaya əlavə 5 min əsgər göndərilməsi qərarı verilib.
Bu açıqlama ABŞ administrasiyasının cəmi bir neçə həftə əvvəl Avropadakı hərbi qüvvələrin elə bu miqdarda azaldılacağını elan etməsindən dərhal sonra gəlib. Pentaqon daha əvvəl Almaniyaya yerləşdirilməsi planlaşdırılan uzaqmənzilli raket sistemləri üçün şəxsi heyətin göndərilməsinin dayandırıldığını, həmçinin Polşaya yollanması nəzərdə tutulan təxminən 4 min hərbçinin dislokasiyasının təxirə salındığını təsdiqləmişdi.
Lakin Trampın yeni bəyanatı ABŞ Müdafiə Nazirliyində belə çaşqınlıq yaradıb. Adının açıqlanmasını istəməyən amerikalı rəsmilərdən biri bildirib ki, son iki həftə ərzində əvvəlki plana uyğun hazırlıq aparılırdı və indi yeni qərarın praktik olaraq nə demək olduğu hələ tam aydın deyil.
NATO-nun Avropadakı ali komandanı Aleksus Qrinkeviç də bir neçə gün əvvəl ABŞ-nin Avropadan 5 min hərbçi çıxaracağını açıqlamışdı. Yeni qərarın həmin planı dəyişdirib-dəyişdirmədiyi isə hələ məlum deyil. Vaşinqton indiyədək hansı ölkələrdən qoşun çıxarılacağını və Polşaya göndərilən qüvvələrin əlavə birlik olub-olmadığını açıqlamayıb.
Məsələ ABŞ ilə Almaniya arasında son aylarda artan siyasi gərginlik fonunda daha çox diqqət çəkir. Tramp daha əvvəl Almaniyadakı ABŞ hərbi varlığının azaldılacağını demişdi. Bu qərarın Almaniya kansleri Fridrix Merzin İran müharibəsi ilə bağlı Vaşinqtonu tənqid etməsindən sonra gündəmə gəldiyi bildirilirdi.
Bu arada ABŞ dövlət katibi Marko Rubio da NATO müttəfiqlərinə sərt mesajlar verib. İsveçə səfəri zamanı danışan Rubio bəzi Avropa ölkələrinin İran müharibəsi məsələsində ABŞ-yə kifayət qədər dəstək vermədiyini bildirib və xüsusilə İspaniyanı hədəfə alıb. O, ABŞ-yə hərbi bazalarını açmayan ölkələrin NATO-da niyə qalmalı olduğu sualını səsləndirib.
NATO rəsmiləri isə Vaşinqtonun İran müharibəsinə birbaşa qoşulmaq üçün rəsmi müraciət etmədiyini, buna baxmayaraq bir çox Avropa ölkəsinin hava məkanı və hərbi bazalarını ABŞ-nin istifadəsinə verdiyini xatırladıblar.
Analitiklər hesab edir ki, Tramp administrasiyasının bir tərəfdən Avropadan çəkilmək mesajı verməsi, digər tərəfdən isə Polşada hərbi mövcudluğu artırması Vaşinqtonun gələcək strategiyası ilə bağlı qeyri-müəyyənliyi daha da gücləndirir.
çap et