Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) hərbi alyansa və ya geosiyasi bloka çevrilməsinə qarşı olduqlarını açıq şəkildə bəyan edib. Təşkilat daxilində Türkiyə və Azərbaycanın daha fəal geosiyasi xətt tərəfdarı olduğu bir vaxtda və Kremldən gələn xəbərdarlıqdan sonra Tokayevin bu açıqlamanı səsləndirməsi diqqət çəkib.VAXT.AZ xəbər verir ki, Qazaxıstan lideri mayın 15-də Türküstanda keçirilən qeyri-rəsmi TDT sammitində çıxış edərkən bildirib ki, son dövrlərdə təşkilatın hərbi ittifaqa çevrilməsi ilə bağlı müxtəlif fikirlər səslənir, lakin Astana bu yanaşmanı qəbul etmir.
Tokayev deyib ki, belə təşəbbüslərin arxasında duran niyyətlər aydındır və onların məqsədi barış və əməkdaşlıq deyil. Onun sözlərinə görə, Qazaxıstan hesab edir ki, bu cür yanaşmalar rədd edilməlidir və türk dünyasının birliyinin gücləndirilməsi əsas prioritet olaraq qalmalıdır.
Qazaxıstan prezidenti vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı nə geosiyasi layihədir, nə də hərbi təşkilat. O bildirib ki, təşkilat qardaş ölkələr arasında ticarət, iqtisadiyyat, yüksək texnologiyalar, rəqəmsallaşma, mədəniyyət və humanitar əlaqələri inkişaf etdirmək üçün yaradılmış unikal platformadır.
Tokayev həmçinin beynəlxalq vəziyyətin son dərəcə mürəkkəb olduğunu vurğulayaraq türk dövlətlərinin birliyinin qorunmasının vacibliyini qeyd edib. Onun bu açıqlaması Rusiyanın postsovet Mərkəzi Asiyada xarici hərbi-siyasi təsirin artmasına qarşı sərt mövqe nümayiş etdirdiyi bir dövrə təsadüf edir. Apreldə Rusiyanın müdafiə naziri Andrey Belousov Moskvanın bölgədə xarici güclərin möhkəmlənməsini qəbul etməyəcəyini açıq demişdi.
Bundan əvvəl Azərbaycan TDT ölkələrinin birgə hərbi təlimlər keçirməsi ideyasını irəli sürmüşdü. Hazırda təşkilata tamhüquqlu üzv kimi Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir. Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi statusuna malikdir.
Sammitin əsas mövzularından biri süni intellekt və rəqəmsal inkişaf olub. Liderlər Yaxın Şərqdəki müharibələr və qlobal qeyri-müəyyənliklərin artdığı bir vaxtda regional əməkdaşlığın gələcəyini müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan isə sammitdə daha çox geosiyasi məsələlərə diqqət ayırıb. Türkiyə lideri bildirib ki, Fələstin, Livan, İran və Ukrayna ətrafındakı böhranlar müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini göstərib.
Ərdoğan xüsusilə Çinlə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropanı birləşdirən Orta Dəhlizin strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Hörmüz boğazı ətrafındakı böhran bir daha göstərdi ki, türk dünyasını birləşdirən nəqliyyat layihələri uzun illər əsas prioritet olaraq qalacaq.
Şavkat Mirziyoyev isə sammitdə “Rəqəmsal Türk Dəhlizi” və “Türk Kibertəhlükəsizlik Alyansı” yaradılması təkliflərini irəli sürüb. O bildirib ki, türk dövlətləri süni intellekt sahəsində ortaq əməkdaşlıq platforması qurmalı, rəqəmsal infrastrukturu birlikdə qorumalı və yeni texnologiyaları birgə inkişaf etdirməlidirlər.
Mirziyoyevin sözlərinə görə, TDT ölkələrinin ümumi iqtisadi potensialı artıq 2,4 trilyon dolları ötür və təşkilata üzv dövlətlərin iqtisadi artım tempi dünya ortalamasından iki dəfə yüksəkdir.
Özbəkistan prezidenti hesab edir ki, türk dövlətləri intellektual və yaradıcı potensialını birləşdirə bilsə, türk dünyası gələcəkdə innovasiya və davamlı inkişaf məkanına çevrilə bilər.
***
Rusiya mediası və Kremlin yaxınlığındakı ekspert dairələri son illərdə Türk Dövlətləri Təşkilatının mümkün hərbi-siyasi platformaya çevrilməsi ehtimalını açıq şəkildə narahatlıqla izləyir. Moskva xüsusilə Türkiyənin Mərkəzi Asiyada artan təsirini və Ankara-Bakı xəttinin güclənməsini postsovet məkanında yeni geosiyasi balansın formalaşması kimi qiymətləndirir.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Türkiyə və Azərbaycanın “ortaq türk ordusu” yaratmaq planlarının rəsmi şəkildə elan edilmədiyini desə də, Moskvanın bu məsələni diqqətlə izlədiyini bildirmişdi. Peskov vurğulamışdı ki, regionda sabitlik və proqnozlaşdırıla bilən təhlükəsizlik mühitinin qorunması Rusiya üçün vacibdir.
Rusiyalı hərbi və siyasi ekspertlər isə daha sərt mövqe nümayiş etdirirlər. Bir sıra Rusiya media resurslarında Türk Dövlətləri Təşkilatının gələcəkdə “Türk NATO-su”na çevrilə biləcəyi barədə iddialar səsləndirilib. Kremlin yaxınlığındakı analitiklər hesab edir ki, Türkiyə TDT vasitəsilə Mərkəzi Asiya və Cənubi Qafqazda təsir dairəsini genişləndirməyə çalışır.
Rusiya üçün əsas narahatlıq ondan ibarətdir ki, TDT çərçivəsində hərbi əməkdaşlığın dərinləşməsi Moskvanın postsovet məkanındakı dominant rolunu zəiflədə, Türkiyənin regionda alternativ təhlükəsizlik mərkəzinə çevrilməsinə yol aça, Mərkəzi Asiya ölkələrinin Rusiyadan təhlükəsizlik asılılığını azalda bilər.
Analitiklər qeyd edirlər ki, Ukrayna müharibəsindən sonra Rusiyanın regiondakı təsir imkanlarının zəifləməsi fonunda Türkiyə və Çin Mərkəzi Asiyada daha fəal rol oynamağa başlayıb. ABŞ mərkəzli Karnegi Fondu da yazır ki, Moskvanın ənənəvi təhlükəsizlik təminatçısı rolu getdikcə təsirini itirir və yaranan boşluğu digər güclər doldurmağa çalışır.
Məhz bu səbəbdən Tokayevin TDT-nin hərbi alyansa çevrilməsinə qarşı çıxışı bir çox müşahidəçilər tərəfindən Kremlə ünvanlanmış sakitləşdirici mesaj kimi qiymətləndirilir.
çap et