Ermənistanın Avropa İttifaqına (Aİ) doğru addımları Moskva ilə münasibətləri ciddi gərginlik nöqtəsinə gətirdi. Rusiya yüksək tonlu xəbərdarlıqlar göndərir, İrəvan isə balans siyasətini qorumağa çalışır. Lakin bu balans nə qədər davam edə bilər?
Moskvanın ultimatumu
VAXT.AZ xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin Ermənistanın siyasətini Rusiya üçün “tamamilə qəbuledilməz” adlandırıb. Onun etirazı İrəvanın Aİ-yə qoşulana qədər Rusiya liderliyi altındakı Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünü saxlamaq niyyətinə yönəlmişdi.
Qaluzin jurnalistlərə xatırlatdı ki, Ermənistan Aİİ-yə qoşulmaq haqqında sənədlər imzalayıb. Bu sənədlər İrəvana aydın şəkildə bloka zərər verə biləcək addımlardan çəkinməyi tələb edir. “Eyni zamanda İki ittifaqın üzvü olmaq prinsipcə mümkün deyil. Ermənistan eyni anda iki toyda birdən oynaya bilməyəcək. Ermənistanın Qərb düşərgəsinə çəkildiyi Avropa İttifaqına üzvlüyü sadəcə populist bir şüardır. Eyni texnologiyalar 2013-2014-cü illərdə Ukraynanı Qərbə doğru çəkmək üçün istifadə edildi. Eyni texnologiyalar indi Moldovaya qarşı tətbiq olunur”, — deyə Qaluzin bildirib.
Rusiya Prezidenti Vladimir Putin isə Ermənistan Baş naziri Paşinyanla görüşündə açıq seçim tələb etdi – ya biz, ya da Avropa İttifaqı. İkisini eyni anda seçmək mümkün deyil. Bununla da Putin “mülayim boşanma”ya eyham vurdu.
Şoyqunun hesab kitabı
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan rəhbərliyinin “müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlməyən” addımlar atdığını bildirdi. Şoyqunun siyahısına aşağıdakılar daxildir – Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə qoşulması, Avropa İttifaqına üzvlük kursunun qanunvericilik səviyyəsində təsdiq edilməsi, beynəlxalq platformalarda Aİ mövqeyi ilə uyğunlaşma, gömrük və ticarət rejimlərinin Avropa standartlarına uyğunlaşdırılması, Rusiya vətəndaşlarının üçüncü ölkələrə ekstradisiyası.
Şoyqu həmçinin İrəvanı Zelenskinin Ermənistanda çıxış etməsinə icazə verməklə də ittiham etdi. Şoyqu qeyd etdi ki, İrəvanın İrəvanda keçirilən Avropa Siyasi İcması sammitinin tribunasını Zelenski üçün açması “faşizmə qarşı mübarizə aparan ermənilərin xatirəsinin ələ salınmasıdır”.
Şoyqu həmçinin Rusiyanın Ermənistan iqtisadiyyatındakı rolunu rəqəmlərlə ortaya qoydu: “Rusiyada çalışan erməni vətəndaşları 2025-ci ildə vətənlərinə 3.9 milyard dollar göndərib. Erməni vətəndaşları Rusiyada kvotasız və icazəsiz çalışır. Ermənistanın kənd təsərrüfatı ixracatının 98 faizi, alkoqollu içkilər ixracatının isə 78 faizi Rusiyaya gedir. Rusiya Ermənistanı bazar qiymətlərindən üç dəfə ucuz qaz, un, taxıl, gübrə və benzinlə təmin edir. Rusiya Ermənistanın ümumi ticarət dövriyyəsinin 36 faizini təşkil edir.
2025-ci ildə Rusiya ilə ticarət dövriyyəsi 6.4 milyard dollar təşkil etdi. Bu, Rusiyanın Azərbaycana ixracatından — 4.9 milyard dollardan — xeyli yüksəkdir”.
Şoyqu həmçinin kinayəli bir sual da verdi: “Ermənistan ərik, qızılbalıq və mineral suyu Avropa İttifaqına hansı şərtlərlə ixrac edəcək?”
Kəşfiyyat əməliyyatı iddiası
“The Insider” nəşrinin araşdırması göstərdi ki, gərginlik yalnız diplomatik deyil. Nəşr iddia edir ki, Baş nazir Paşinyanı hədəf almaq üçün İrəvana Rusiya kəşfiyyatının əməkdaşları göndərilib. Araşdırma eyni zamanda iş adamları Samvel Karapetyan və Qaqik Tsarukyanın seçki siyahılarına daxil edilməsinə diqqət çəkib — hər ikisi parlament seçkilərində namizəd kimi iştirak edir.
İrəvan: “Gərginlik yaratmaq istəmirik”
Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzəyan Moskvadan gələn kəskin bəyanatlara cavab olaraq bildirib ki, İrəvan Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq niyyətində deyil. “Biz heç bir tərəfdən ayrılmaq niyyətində deyilik. Biz həm də münaqişəyə girişmək, daha doğrusu, Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmaq niyyətində deyilik. Biz bir çox bağlarla Rusiyaya bağlı olan tərəfdaşlarıq”, — deyib.
Mirzəyan eyni zamanda Ermənistanın gec-tez Aİİ ilə Aİ arasında seçim etmək məcburiyyətində olduğunu etiraf edib: “Aİİ ilə Aİ-nin eyni zamanda üzvü olmaq mümkün deyil. Biz Aİ-yə doğru yolumuzla davam edəcəyik. Qalaq, yoxsa gedək qərarını vermək vaxtı gəldikdə – həmin qərarı şəffaf şəkildə və hər şeyi müzakirə etdikdən sonra verəcəyik”.
Lakin Mirzəyan Rusiyanın rəqəmlərini soyuq başla qarşıladı: “Ermənistanın gözlədiyimiz addımları atmadığı – müttəfiqliyimizin nəzərdə tutduğu tədbirləri görmədiyi – anlar və hadisələr oldu. Hər şey çox nisbidir”.
Mirzəyan həm də Rusiyanın iqtisadi üstünlüklərini xatırladan bəyanatına cavab olaraq sadəcə qeyd etdi ki, İrəvan Rusiya qazı, taxılı və digər mallara görə ödəniş edir. Bunlar hədiyyə deyil, ticarətdir.
KTMT yarası hələ də göynədir
İrəvan Moskvaya etirazı sözlə deyil, hərəkətlə başladı. Ermənistan KTMT-nin – Rusiya liderliyi altındakı hərbi ittifaqın – üzvüdür, lakin İrəvan uzun müddətdir blokdakı iştirakını dondurmağa davam edir. Bunun səbəbi isə 2021-2022-ci illərdə Azərbaycanın öz torpaqlarını azad etdiyi zaman ittifaqın KTMT-dən kömək tələb edən İrəvana cavab verməməsi olub. KTMT müharibənin Azərbaycan ərazisində getdiyini, Ermənistan sərhədinin pozulmadığını bəyan etmişdi.
Paşinyan buna belə cavabında “Əgər Ermənistan-Azərbaycan sərhədi yoxdursa, KTMT də yoxdur. Çünki KTMT-nin məsuliyyət zonası sərhədlərlə müəyyən edilir. Sərhəd yoxdursa, məsuliyyət zonası yoxdur. Məsuliyyət zonası yoxdursa, təşkilat da yoxdur”.
Paşinyan: “Rusiyaya qarşı heç nə etmədik”
Baş nazir Paşinyan seçkiqabağı mitinqdə Rusiya ilə münasibətlərə dair “kobud addımlar” atmayacaqlarını bildirdi. Hətta Putinlə şəxsi münasibətini açıqlayarkən “2018-ci ildən bəri biz 200 dəfədən çox telefonla danışmışıq. Bu o deməkdir ki, bu səkkiz ildə biz demək olar ki, hər ay danışmışıq. Çox isti və dostyana münasibətimiz var”, – demişdi.
Lakin Paşinyan həm də öz xəttini aydın çəkdi: “Biz Rusiyanın maraqlarına qarşı heç nə etməmişik və etməyəcəyik. Ancaq Rusiyanın maraqlarını öz maraqlarımızdan üstün tuta bilmərik”.
Qaz “silahı” və alternativ axtarışı
Moskvadan gələn iqtisadi təzyiq bəyanatları İrəvanda cavabsız qalmadı. Erməni ekspertlər Rusiyanın qaz qiymətlərini artırması ilə bağlı hədələrini “iqtisadi şantaj” adlandırdı. Eyni zamanda mütəxəssislər İrəvanın alternativ olaraq Qazaxıstandan qaz idxalı variantını araşdırdığını bildirdilər. Onların fikrincə, əgər Rusiya qiymətləri artırarsa, bu, özü üçün də itki demək olardı.
Rəqəmlər danışır – Qərb sürətlə irəliləyir
2025-ci ildə Ermənistanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 37 faiz azalaraq 8 milyard dollara düşüb. Eyni ildə Aİ ölkələri ilə ticarət isə 7 faizdən çox artaraq 2.5 milyard dollara çatıb. Rəqəmlər İrəvanın sözünü deyir – Qərb istiqaməti artıq siyasi deyil, iqtisadi həqiqətdir.
Rusiyanın Baş naziri müavini bildirib ki, Aİİ dövlət başçıları mayın 29-da Astanada keçiriləcək görüşdə Ermənistanın statusunu müzakirə edəcəklər. Bu görüş İrəvan üçün yeni bir sınaq olacaq. Ermənistanın iştirak edib-etməyəcəyi və nə dərəcədə iştirak edəcəyi özü bir mesaj olacaq.
Rusiya məntiqi açıqdır: Aİ və Rusiya liderliyi altındakı Aİİ kimi bir-birini istisna edən supranasional iqtisadi qurumların eyni zamanda üzvü olmaq mümkün deyil. İrəvan isə hər iki qapını açıq saxlamağa çalışır. Lakin tarix göstərdi ki, bu cür tərəddüd – Ukraynanın 2013-2014-cü illərdəki taleyini xatırlasaq, bəzən ən ağır qiymət tələb edir.
Ermənistan üçün sual artıq “gedək, ya qalaq”dan “nə vaxt və necə”yə çevrilib.
çap et