Vaxt.Az

Səudiyyə Ərəbistanı idmandan çəkilir


 

6 milyard dollarlıq xərc nəyə xidmət etdi?

Səudiyyə Ərəbistanı idmandan çəkilir On il ərzində idman dünyasını pulla silkələyən Səudiyyə Ərəbistanı indi əks istiqamətə dönür. Qolf, tennis, bilyard, reqbi, “Formula 1” kimi idman növlərinin maliyyəsi bir-birinin ardınca kəsilir, müqavilələr pozulur. Bu dəyişiklik ağıllara bir sualı gətirir – nə baş verir?

VAXT.AZ Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (Public Investment Fund – PİF) son on ildə idman dünyasının sərhədlərini tamamilə yenidən cızmışdı. Futbol, qolf, tennis, “Formula 1”, güləş, bilyardda, demək olar ki, heç bir böyük idman sahəsi Səudiyyə kapitalından kənarda qalmamışdı.

Bu nəhəng maliyyə vəliəhd Şahzadə Məhəmməd bin Salmanın “Vizyon 2030” strategiyasının bir parçası idi. Neftin hökmranlığından asılılığı azaltmaq, turizmi inkişaf etdirmək və Səudiyyənin imicini dünya arenasında yeniləmək.

Lakin bu strategiyanın digər bir adı da var idi. Bir çox beynəlxalq qurum bu siyasəti açıqca “sportswashing”, yəni idman vasitəsilə imic təmizləmə adlandırdı. Tənqidçilərə görə, idmana yatırılan kapital Səudiyyə Ərəbistanının ağır insan haqları problemlərindən diqqəti yayındırmaq məqsədinə xidmət edirdi.

 

Ən dramatik geriçəkilmə qolfda baş verdi

 

PİF rəsmi olaraq, 2026-cı ilin sonunda “LIV Golf”a maliyyəni kəsəcəyini bildirdi. Açıqlamada “tələb olunan böyük investisiyanın artıq fondun sərmayə strategiyası ilə uyğun gəlmədiyi" vurğulandı.

Rəqəmlər isə çox danışıqlıdır. “PGA Tour”un qiymətləndirməsinə görə “LIV Golf”un dəyəri cəmi 500 milyon dollar idi. Lakin PİF-in LIV-ə yatırdığı vəsaitin 2026-cı ilin sonuna qədər 6 milyard dolları aşacağı gözlənilir. Başqa sözlə – 500 milyonluq investisiya üçün 6 milyard xərc.

2021-ci ildə yaradılan “LIV Golf” ənənəvi “PGA Tour”dan ayrılaraq astronomik məbləğlərlə çoxsaylı ulduz oyunçuları özünə cəlb etmişdi. Lakin maliyyə cəhətdən heç vaxt ayaqüstə dura bilmədi.

 

Futbol – yeganə istisna

 

Futbol digər idman sahələrindən fərqli olaraq Ər-Riyad üçün ayrıca kateqoriyadadır və bu, təsadüf deyil.

PİF 2021-ci ildə İngiltərə Premier Liqasının klubu “Newcastle United”ı satın aldı. Bu, “sportswashing” ittihamları ilə müşayiət olunsa da Səudiyyənin Qətər və BƏƏ-nin izini izləmək niyyətini açıqca ortaya qoydu.

Ardından 2023-cü ildə PIF ölkənin Pro Liqasının dörd böyük klubunu – “Al-Nassr”, “Al-İttihad”, “Al-Əhli” və “Al-Hilal”ı  nəzarətinə aldı. Kristiano Ronaldo, Neymar, Kərim Benzema, Riyad Mahrez, Sadio Mane, N'Golo Kante kimi dünya ulduzlarını Səudiyyəyə cəlb etmək üçün milyardlar xərcləndi.

Lakin bu tabloda da dəyişikliklər başladı. PİF aprel ayında “Al-Hilal” klubundakı 70 faizlik payını Şahzadə Əlvəlid bin Talal tərəfindən idarə olunan “Kingdom Holding Company”yə satdı. Açıqlamada bu addım "gəlirləri maksimumlaşdırmaq və kapitalı daxili iqtisadiyyatda yenidən yerləşdirmək strategiyası" kimi təqdim edildi.

“Newcastle United”ın satışı isə hələlik gündəmdə deyil. Analitiklərə görə Məhəmməd bin Salman üçün futbol uzunmüddətli investisiyadır. 2034 ildə keçiriləcək Dünya Çempionatına qədər bu sahədə geri addım atmaq mümkün deyil.

Həqiqətən də Səudiyyə Ərəbistanının futbol bağlılığı güclənməyə davam edir. PİF bu yaxınlarda FIFA ilə yeni müqavilə imzalayaraq 2026 Dünya Kubokunun rəsmi tərəfdaşı oldu. PIF-in korporativ brend rəhbəri Məhəmməd əl-Səyyad açıqlamasında dedi ki, “Futbol Səudiyyə Ərəbistanının geniş iqtisadi transformasiya strategiyasının mərkəzindədir”.

2034 Dünya Çempionatı üçün ölkədə 10-11 yeni stadion tikilməsi planlaşdırılır. Bunlardan ən əzəmətlisi Neom şəhərində yerdən 400 metr yüksəklikdə yerləşəcək stadion olacaq.

 

Tennis, bilyard, reqbi – domino daşları

 

PİF 2026-cı ildən sonra “Qadınlar Tennis Birliyi”nin də (Women's Tennis Association – WTA) maliyyəsini dayandıracaq. Beləliklə “WTA”nın final turniri Ər-Riyaddan ayrılacaq. Ciddədə keçirilən “Next Gen ATP Finals” də üç ildən sonra ölkəni tərk etdi.

Qeyd edək ki, “WTA” Ər-Riyadla ilə müqavilə bağlanarkən Kris Evert və Martina Navratilova kimi əfsanəvi tennisçilər buna etiraz etmişdi. Səudiyyənin LGBTQ+ hüquqlarına münasibəti etirazların mərkəzində dururdu.

Bundan əlavə bilyard üzrə “Saudi Arabia Masters” turniri 10 illik müqavilənin ikinci ilindəcə ləğv edildi. Səudiyyə Ərəbistanı həmçinin 2035 Reqbi üzrə Dünya Çempionatı və 2029 Asiya Qış Oyunlarına ev sahibliyi planlarından da imtina etdi.

“Formula 1” təşkilatçıları da vəziyyəti narahatlıqla izləyir. İran müharibəsi səbəbilə aprel ayında Səudiyyə Ərəbistanı Qran Prisi ləğv edildi. PIF-in iki “Formula 1” komandasında səhmləri var, ölkənin dövlət neft şirkəti “Aramco” isə yarışların əsas sponsorlarından biridir.

At yarışları, şahmat və bir sıra digər idman növləri də müəyyən dərəcədə Səudiyyə maliyyəsinə bağlıdır.

PİF rəhbəri Yasir əl-Rumayyan yeni strategiyanı izah edərkən, “2026-2030 strategiyası PİF-in sürətli böyümə və genişlənmə dövründən davamlı dəyər yaratmağa fokuslanmış yeni mərhələyə keçişini təmsil edir. İnvestisiyaların təsirini maksimum həddə çatdırmaq, səmərəliliyi artırmaq və yüksək idarəetmə standartlarını tətbiq etmək daha güclü şəkildə diqqət mərkəzinə alınacaq”, – deyib.

Lakin siyasi kontekst də göz ardı edilə bilməz. Rəsmi açıqlamada İran müharibəsinin yaratdığı regional qeyri-müəyyənlik və idman yatırımlarının aşağı gəlirləri birlikdə səbəb kimi göstərildi.

Tənqidçilər uzun müddətdir xəbərdarlıq edirdi ki, Səudiyyə kapitalına möhtac olan idman sahələri bu dəstək kəsildikdə ciddi problemlərlə üzləşəcək. Bu gün “LIV Golf”, “WTA Finals” və bilyard turnirləri bu proqnozun gerçəkləşdiyini sübut edir.

Milyardlar xərcləndi. İmicin bir hissəsi yeniləndi. Lakin hesab kitabı ortadadır – 6 milyard dollara yaxın “LIV Golf” xərci, minimum gəlir gətirdi, əvəzində tənqidlər artdı. Futbol isə bu tablonun yeganə istisnası olaraq qalır. Çünki 2034 Dünya Çempionatı Ər-Riyad üçün böyük mərcdən çox, siyasi vəddir.

 





22.05.2026    çap et  çap et