Vaxt.Az

Kreml iqtisadi rıçaqları işə salır


 

Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır

Kreml iqtisadi rıçaqları işə salır Rusiya ilə Ermənistan arasında siyasi münasibətlərdə yaranan gərginlik artıq açıq iqtisadi təzyiq mərhələsinə keçir. Moskvanın son addımları göstərir ki, Kreml İrəvana qarşı yalnız siyasi bəyanatlarla kifayətlənmir və Ermənistanın Rusiya bazarından asılılığını real təzyiq alətinə çevirməyə başlayıb.

VAXT.AZ Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət qurumu olan “Rosselxoznadzor” bu gündən (22 may) Ermənistan mənşəli çiçəklərin idxalına qadağa tətbiq edib. Qurum rəhbəri Sergey Dankvert isə artıq problemlərin yalnız çiçəklərlə məhdudlaşmadığını, meyvə və tərəvəz məhsulları ilə bağlı da ciddi narahatlıqlar yarandığını açıqlayıb.

 

“Fitosanitar problem” yoxsa siyasi mesaj?

 

Rusiya tərəfi məhdudiyyətləri rəsmi olaraq “fitosanitar təhlükəsizlik”lə əsaslandırır.

“TASS” agentliyinin yaydığı məlumata görə, “Rosselxoznadzor” Ermənistandan gətirilən 96,2 milyon ədəd çiçək məhsulunda 135 karantin pozuntusu aşkar etdiyini bildirir. Bu göstəricinin 2025-ci ildə aşkarlanan bütün oxşar halların 77 faizini təşkil etdiyi vurğulanır.

Lakin prosesin siyasi kontekstdən ayrı olmadığı artıq həm Rusiya, həm də Ermənistan mediasında açıq müzakirə edilir.

“The Moscow Times” yazır ki, qərar Moskva ilə İrəvan arasında münasibətlərin sürətlə pisləşdiyi dövrdə qəbul olunub.

“Kommersant” isə qeyd edir ki, Ermənistan Rusiyanın lalə bazarının təxminən 10 faizini təmin edir və erməni gülləri bazarda Ekvador məhsullarından xeyli ucuz satılır.

Bu isə o deməkdir ki, məsələ yalnız sanitar normalarla bağlı deyil, eyni zamanda bazarın yenidən bölüşdürülməsi və iqtisadi təzyiq mexanizmi kimi də qiymətləndirilir.

 

Təzyiq yalnız çiçəklərlə bitmir

 

“Vedomosti” nəşri Rosselxoznadzor rəhbəri Sergey Dankvertə istinadən yazır ki, Moskva artıq Ermənistanın meyvə və tərəvəz ixracı ilə bağlı da problemlər gördüyünü açıq elan edir.

Bu isə Ermənistan üçün daha təhlükəli siqnaldır. Çünki ölkənin kənd təsərrüfatı ixracının əsas hissəsi məhz Rusiya bazarından asılıdır.

RBK və BMT məlumat bazalarına görə, Ermənistan 2024-cü ildə Rusiyaya 53,2 milyon dollarlıq meyvə, 74,1 milyon dollarlıq tərəvəz ixrac edib. 2025-ci ildə də bu tendensiya davam edib.

Əgər məhdudiyyətlər genişlənsə, Ermənistan iqtisadiyyatı xüsusilə kənd təsərrüfatı və istixana sektorunda ciddi zərbə ala bilər.

 

Kremlin iqtisadi təzyiq modeli

 

Əslində bu, Rusiyanın postsovet məkanında yeni taktika deyil. Moskva daha əvvəl Gürcüstana qarşı şərab və mineral su embarqosu, Moldovaya qarşı kənd təsərrüfatı məhdudiyyətləri, Ukraynaya qarşı ticarət blokadaları kimi addımlardan istifadə edib.

İndi oxşar mexanizmin Ermənistana qarşı tətbiq edildiyi barədə fikirlər güclənir.

Rusiya mediasında istifadə olunan ritorika da bunu göstərir. Kremlin xəttinə yaxın “Vzqlyad” nəşri yazır ki, Moskva artıq Ermənistanın bütün kənd təsərrüfatı məhsullarına nəzarəti sərtləşdirir.

 

Ermənistanın Avropa kursu Moskvanı narahat edir

 

Bütün bunlar Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması fonunda baş verir.

Baş nazir Nikol Paşinyan son aylarda dəfələrlə bildirib ki, Ermənistan Avropa ilə strateji tərəfdaşlığı genişləndirmək niyyətindədir.

Rusiya prezidenti Vladimir Putin və digər yüksəkvəzifəli rəsmilər isə açıq şəkildə bəyan edirlər ki, Ermənistan eyni vaxtda həm Avropa Birliyi, həm də Avrasiya İqtisadi Birliyində qala bilməz.

“The Insider” nəşrinin son araşdırmasına görə, Moskva Ermənistanda qarşıdan gələn parlament seçkilərinə təsir göstərməyə çalışır və bu məqsədlə xüsusi xidmət orqanlarının əməkdaşları İrəvana göndərilib. Kreml bu iddiaları “təxribat” adlandıraraq rədd edib.

 

Ermənistan üçün əsas risk nədir?

 

Əsas problem ondadır ki, Ermənistan iqtisadiyyatının mühüm hissəsi hələ də Rusiya bazarına bağlıdır.

Çiçək, meyvə-tərəvəz, konyak və kənd təsərrüfatı məhsullarının böyük hissəsi Rusiyaya ixrac olunur.

Son aylarda Ermənistan çiçəklərinə qadağa tətbiq olunub, erməni konyakı ilə bağlı lisenziya problemləri yaranıb, məhsullar “Wildberries” və “Ozon” platformalarından yoxa çıxmağa başlayıb.

Bu addımlar birlikdə baxıldıqda, artıq təsadüfi texniki problemlərdən çox, koordinasiyalı iqtisadi təzyiq kampaniyasını xatırladır.

İrəvan isə hələlik açıq qarşıdurmadan yayınmağa çalışır və prosesi “işçi texniki məsələ” kimi təqdim edir. Lakin Moskvanın ritorikası və ardıcıl iqtisadi addımları göstərir ki, Kreml Ermənistanın Qərbə yaxınlaşmasını strateji təhlükə kimi qəbul edir və bunun qarşısını almaq üçün ən həssas nöqtədən – iqtisadi asılılıqdan istifadə edir.

 





22.05.2026    çap et  çap et