Vaxt.Az

Kremlin adamı Çexiyada saxlanıldı


 

Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı

Kremlin adamı Çexiyada saxlanıldı Çexiyada Rus Pravoslav Kilsəsinin yüksək rütbəli və nüfuzlu din xadimlərindən biri olan (metropolit) Hilarion Alfeyev (İlarion Alfeyev) polis tərəfindən saxlanılıb. Onun əyləşdiyi avtomobilə baxış zamanı “ağ rəngli maddə” olan dörd kiçik konteynerin aşkarlandığı bildirilir

VAXT.AZ xəbər verir ki, məlumat din xadiminin rəsmi “Telegram” kanalında yayılıb. Açıqlamaya görə, hadisə mayın 24-də Karlovı Varı şəhərində yerləşən pravoslav kilsəsindən çıxışdan sonra baş verib. Polis əməkdaşları avtomobili saxlayaraq axtarış aparıblar.

Bildirilib ki, avtomobilin yük yerində “ağ rəngli maddə” olan dörd kiçik konteyner tapılıb. Maddənin tərkibi və mənşəyinin ekspertiza ilə müəyyən ediləcəyi qeyd olunur.

İlarion Alfeyev ittihamları rədd edib: “Mən heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olmamışam. Bir din xadimi olaraq deyirəm ki, bu cür iddialar tamamilə yalandır. Hadisənin tam, müstəqil və prosessual baxımdan qüsursuz araşdırılmasını tələb edirəm”.

Din xadiminin vəkili isə bildirib ki, avtomobil faktiki olaraq əvvəlcədən gözlənilirdi. Müdafiə tərəfinin sözlərinə görə, polis maşınları avtomobili magistralda müşayiət edib və metropolit avtomobilə baxış zamanı hadisə yerindən uzaqlaşdırılıb.

Rusiya Pravoslav Kilsəsi daxilində uzun illər yüksək vəzifə tutmuş İlarion 2009–2022-ci illərdə Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri Şöbəsinə rəhbərlik edib və bir vaxtlar Patriarx Kirillın mümkün varislərindən biri sayılırdı.

O, Rusiya hakimiyyətinə yaxın fiqur hesab olunur və illərlə Kremlin yumşaq güc siyasətinin dini diplomatiya istiqamətində əsas simalarından biri kimi tanınıb.

O, 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılaraq Macarıstan yeparxiyasına göndərilmişdi. 2024-cü ildə isə keçmiş köməkçisinin ona qarşı seksual xarakterli ittihamlar irəli sürməsindən sonra kilsə rəhbərliyindən kənarlaşdırılmışdı. İlarion həmin ittihamları da rədd etmişdi.

Çex media orqanlarında və bəzi siyasətçilər arasında İlarionun Rusiya xüsusi xidmət orqanları ilə mümkün əlaqələri barədə iddialar da səslənib. 2025-ci ildə Praqa hakimiyyəti ona qarşı milli sanksiyaların tətbiqini müzakirə etmişdi. Yerli mediada metropolitin “Rusiya kəşfiyyatı ilə əlaqələrinin ola biləcəyi” iddia edilirdi.

İlarion özü isə bu iddiaları “Rusiyaya qarşı düşmən münasibətin nəticəsi” adlandırmışdı.

 





25.05.2026    çap et  çap et