Vaxt.Az

ABŞ tələsmir


 

İranın isə vaxtı daralır

ABŞ tələsmir ABŞ prezidenti Donald Trump İranla mümkün razılaşmanın yekunlaşdırılması üçün tələsmədiyini açıqlayıb. Bu bəyanat Vaşinqton və Tehran arasında təxminən üç aydır davam edən böhranın yaxın zamanda həll ediləcəyi ilə bağlı ümidləri zəiflədib. Halbuki tərəflər cəmi bir gün əvvəl danışıqlarda irəliləyiş əldə olunduğuna dair siqnallar vermişdi.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamaya görə, İranın limanları və Hörmüz boğazındakı gəmilərinə qarşı tətbiq edilən blokada “rəsmi şəkildə təsdiqlənmiş və imzalanmış razılaşma əldə olunana qədər” tam gücü ilə davam edəcək.

ABŞ lideri danışıqlarda müəyyən irəliləyişin olduğunu və Vaşinqtonla Tehran arasındakı münasibətlərin daha peşəkar və məhsuldar xarakter aldığını qeyd edib. Bununla yanaşı o, “hər iki tərəf sakit davranmalı və işi düzgün şəkildə tamamlamalıdır. Səhvə yer yoxdur” ifadəsini işlədib.

İranlı yüksəkvəzifəli mənbə isə daha əvvəl verdiyi açıqlamada mümkün sazişin İran Milli Təhlükəsizlik Ali Şurası tərəfindən təsdiqlənəcəyi halda yekun qərar üçün dini lider Müctəba Xamenei təqdim ediləcəyini bildirib.

Buna baxmayaraq, “Tasnim” xəbər agentliyi danışıqlarda bir və ya iki maddə üzrə fikir ayrılıqlarının hələ də qaldığını yazıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson Trampın razılaşmaya yaxın olduqları barədə açıqlamasını müsbət qiymətləndirib. O, bildirib ki, “İran kimi dünyanın ən böyük terror dəstəkçilərindən birini danışıqlar masasına gətirə biləcək yeganə şəxs Trampdır”.

Tramp isə mümkün razılaşmanın keçmiş prezident Barak Obama dövründə imzalanmış nüvə sazişi kimi olmayacağını vurğulayıb. O, əvvəlki razılaşmanın İrana böyük həcmdə maliyyə vəsaiti və nüvə silahına aparan açıq yol verdiyini iddia edib. ABŞ prezidenti bildirib ki, hazırkı danışıqlar hələ yekunlaşmadığı üçün razılaşmanın detalları barədə yayılan məlumatlara inanmaq olmaz.

İsrail mediasında yayılan məlumatlara görə, Təl-Əviv administrasiyası mümkün İran razılaşmasından narahatdır. Lakin İsrail rəsmiləri Trampı birbaşa tənqid etməkdən yayınaraq narazılıqlarını onun xüsusi nümayəndəsi Stiv Uitkoff üzərinə yönəldir. İsrail tərəfi Uitkoffun sürətli razılaşma üçün təzyiq göstərdiyini və Vaşinqtonun yenidən hərbi əməliyyatlara qayıtmamasına çalışdığını düşünür.

Bu arada “Hizbollah” təşkilatının baş katibi Naim Qasım silahsızlaşdırılma çağırışlarını “məhvetmə cəhdi” adlandırıb və bunun qəbul edilməyəcəyini bildirib. O, Livan hakimiyyətini İsraillə birbaşa danışıqları dayandırmağa çağırıb və Tehranla Vaşinqton arasında əldə olunacaq mümkün razılaşmanın onları da əhatə edəcəyinə ümid etdiklərini deyib.

 





25.05.2026    çap et  çap et