ABŞ ordusu davam edən atəşkəsə baxmayaraq İrana qarşı yeni hava zərbələri endirib. “United States Central Command” (CENTCOM) əməliyyatın “müdafiə məqsədli” həyata keçirildiyini açıqlayıb.VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, İranın cənubunda yerləşən raket buraxılış qurğuları və mina yerləşdirməyə cəhd etdiyi iddia olunan qayıqlar hədəfə alınıb.
Qurumun sözçüsü Tim Houkins bildirib ki, zərbələr bölgədəki ABŞ hərbçilərini İran mənbəli təhlükələrdən qorumaq məqsədilə endirilib.
İran mediası bombardman nəticəsində ölənlərin olduğunu açıqlayıb. Rəsmi Tehran hələlik itkilərin miqyası barədə ətraflı məlumat yaymayıb.
Qeyd olunur ki, aprelin 8-də elan edilən atəşkəsə baxmayaraq, son aylarda tərəflər arasında bir neçə dəfə qarşılıqlı hücumlar baş verib. Bu ayın əvvəlində İranın Hörmüz boğazında ABŞ hərbi gəmilərinə hücum etdiyi, Vaşinqtonun isə cavab olaraq İran ərazisindəki bəzi hədəfləri vurduğu bildirilmişdi.
Bu arada ABŞ Dövlət katibi Marko Rubio yeni hücumlara baxmayaraq, İranla razılaşmanın hələ də mümkün olduğunu söyləyib. Hindistana səfəri zamanı jurnalistlərə danışan Rubio qeyd edib ki, hazırda Qətərdə müəyyən danışıqlar aparılır və tərəflərin irəliləyiş əldə edib-etməyəcəyi qiymətləndirilir.
Məlumata görə, aylardır davam edən müharibəni dayandırmaq məqsədilə keçirilən son danışıqlar çərçivəsində İran nümayəndə heyəti Doha şəhərində görüşlər aparır.
Yeni hücum xəbərlərinə baxmayaraq, dünya bazarında neftin bir barelinin qiyməti hələlik 100 dollardan aşağı səviyyədə ticarət olunur.
çap et