2026-cı ilin yazında Qərb mediası və Avropa xüsusi xidmət orqanları, demək olar ki, eyni vaxtda bəyan etdilər ki, Rusiyada formalaşmış siyasi sistem turbulentlik mərhələsinə daxil olub. Hakimiyyətin reytinqlərinin müharibə dövrünün ən aşağı səviyyəsinə endiyi, regional büdcələrin hərbi xərclərin təzyiqi altında zəiflədiyi və elitaların gələcək siyasi konfiqurasiyanı anlaya bilmədiyi bildirilir.Parçalanma artıq “hakimiyyət-müxalifət” xətti üzrə deyil, birbaşa sistemin daxilində baş verir. Çünki ölkə daxilində faktiki müxalifət qalmayıb. Orta səviyyəli məmurlar qapalı söhbətlərdə mövcud sistemin gələcəyinin olmadığını etiraf etsələr də, ehtiyat səbəbindən bunu açıq şəkildə ifadə etmirlər.
VAXT.AZ xəbər verir ki, “The Economist” jurnalında dərc olunan və “Moskvadan qaranlıq baxış” başlıqlı məqaləyə münasibət bildirən Kremlin analitik mərkəzlərindən birində çalışan mənbə qeyd edib ki, bu tip yazıları vaxtilə sistemdə yüksək mövqe tutmuş, lakin sonradan təsir imkanlarını itirmiş şəxslər hazırlayır. Mənbə müəllifin kimliyi barədə danışmaqdan imtina etsə də, belə şəxslərin kifayət qədər olduğunu bildirib.
Onun sözlərinə görə, müharibə gözlənildiyindən daha uzun çəkib, “Z” nəsli hakimiyyət üçün qeyri-sistem müxalifəti qədər təhlükəli görünməyə başlayıb və iqtisadiyyata vurulan zərbənin təsirləri artıq hiss olunur.
“Kremlə yaxın” mənbə bildirib ki, yaranmış vəziyyətdən istifadə etməyə çalışan qüvvələr hakimiyyətin zəif nöqtələrini qabartmağa və sistemi sarsıtmağa çalışırlar: “Qan qoxusu çaqqalları cəlb edib. Hamı zəif nöqtələri göstərmək, qayığı silkələmək istəyir”, – deyə o bildirib.
Bununla yanaşı, mənbə hazırkı informasiya kampaniyasının uğur qazanacağına inanmadığını vurğulayıb. Onun fikrincə, sistem dağılmır, sadəcə müəyyən sarsıntı yaşayır:
“Sistem çökmür, sadəcə bir az silkələnir. Prezidentin komandası hələ də mövqeyini qoruyur və alternativ təsir mərkəzi yoxdur”, – deyə mənbə əlavə edib.
Məqalədə həmçinin qeyd olunur ki, Rusiya məmurları və regional elitalar mümkün hakimiyyət dəyişikliyi fonunda övladlarını xaricə göndərməyə, gələcək hökumət dövründə cinayət işləri və vəzifə itkilərindən ehtiyat etməyə başlayıblar.
çap et