Vaxt.Az

Rusiyada böyük boşluq


 

Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır

Rusiyada böyük boşluq Rusiya hakimiyyəti federal büdcədə yaranan böyük kəsiri bağlamaq üçün ölkənin ən iri dövlət aktivlərinin özəlləşdirilməsinə hazırlaşır. “Novorossiysk Commercial Sea Port” (NMTP) şirkətində dövlətə məxsus payın satışa çıxarılması planlaşdırılır.

VAXT.AZ “İnterfax”a istinadən xəbər verir ki, yanvar-aprel aylarında Rusiya büdcəsində yaranan kəsir təxminən 6 trilyon rubla (təxminən 84 milyard dollar) çatıb. Bunun fonunda hökumət əlavə maliyyə mənbələri axtarmağa başlayıb.

“Rosimuşşestvo” daha əvvəl dövlətin “Aeroflot” şirkətindəki payının satışını elan etmişdi. İndi isə 2026–2028-ci illər üzrə özəlləşdirmə planına NMTP-nin 20 faizlik səhmləri də daxil edilib. Müvafiq sərəncamın mayın 23-də Rusiyanın baş naziri Mixail Mişustin tərəfindən imzalandığı bildirilir.

NMTP holdinqinə Rusiyanın neft ixracı üçün strateji əhəmiyyət daşıyan bir neçə böyük liman daxildir. Bunlar arasında Qara dənizdə yerləşən “Novorossiysk” limanı və Baltik dənizində yerləşən “Primorsk” neft terminalı xüsusi yer tutur. Hər iki liman birlikdə Rusiyanın ümumi neft ixracının üçdə birindən çoxunu təmin edir. Holdinqə həmçinin Kalininqrad vilayətində yerləşən “Baltiysk” limanı da daxildir.

Şirkətin əsas səhmdarı 60 faiz payla “Transneft” olaraq qalır. “Transneft” bu aktivləri 2018-ci ildə əldə etmişdi. Həmin dövrdə əvvəlki sahibi, milyarder Ziyavuddin Maqomedov mütəşəkkil cinayət işi çərçivəsində həbs olunmuş, daha sonra isə 19 il azadlıqdan məhrum edilmişdi.

Ekspert hesablamalarına görə, NMTP-də dövlət payının satışından Rusiya büdcəsinə təxminən 33 milyard rubl (təxminən 462 milyon dollar) daxil ola bilər. Bu məbləğ “Aeroflot”un planlaşdırılan özəlləşdirilməsindən gözlənilən 45 milyard rubldan (təxminən 630 milyon dollar) xeyli azdır.

 





26.05.2026    çap et  çap et