Vaxt.Az

Putinin “Çin dönüşü”


 

Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili

Putinin “Çin dönüşü” ABŞ prezidenti Donald Tramp mayın ortalarında geniş nümayəndə heyəti ilə Çinə səfər edərək Si Cinpin ilə görüşdü. Cəmi dörd gün sonra isə Pekinə Rusiya prezidenti Vladimir Putin yollandı. Kremlin təbliğat maşını Putinin səfərinin də azı Trampın səfəri qədər əhəmiyyətli olduğunu göstərməyə çalışdı və Çinlə imzalanmış sənədlərlə dolu çamadan nümayiş etdirdi.

VAXT.AZ xəbər verir ki, Karnegi Fondu, Berlin Mərkəzinin Rusiya və Avrasiya üzrə direktoru, çinşünas Aleksandr Qabuyevin fikrincə, səfərin əsas məqsədi tamam başqa idi. Moskva uzun illərdir müzakirə olunan “Sibirin Gücü–2” qaz kəməri layihəsi üzrə Pekindən yekun razılıq almağa çalışırdı. Amma nəticədə Kreml bunu bacarmadı. İmzalanan sənədlər çoxdur, amma strateji nəticə yoxdur

Qabuyevin qeyd edir ki, Putin və Si Cinpin arasında keçirilən sammitlərdə sənədlərin sayının artması əslində ciddi irəliləyişin olmamasının göstəricisidir.

2023-cü ildə Si Cinpinin Moskvaya səfəri zamanı tərəflər cəmi 14 sənəd imzalamışdı. Əsas qərarların isə qapalı görüşlərdə verildiyi düşünülürdü. Həmin dövrdən sonra Rusiyaya Çin vasitəsilə ikili təyinatlı məhsullar və hərbi sənaye komponentlərinin axını başlamışdı.

Bu dəfə isə Pekində 42 sənəd imzalandı. Onların böyük hissəsi universitetlər, dövlətə bağlı media qurumları və humanitar əməkdaşlıqla bağlı idi. Müəllif qeyd edir ki, sənədlərin əksəriyyəti ya əvvəlki razılaşmaların genişləndirilmiş versiyasıdır, ya da simvolik xarakter daşıyır.

Ən vacib məsələ – “Sibirin Gücü-2” qaz kəməri barədə isə heç bir real nəticə əldə olunmadı. Layihə nə birgə bəyanatda qeyd edildi, nə də liderlərin çıxışlarında xüsusi vurğulandı. Halbuki Moskva uzun müddətdir bu layihəni strateji prioritet kimi təqdim edir.

 

Pekin niyə Moskvanın qaz layihəsinə tələsmir?

 

Məqalədə qeyd olunur ki, Çin-Rusiya ticarəti artıq liderlərin sammitlərindən asılı deyil. Münasibətlər təbii iqtisadi asılılıq üzərində inkişaf edir – Rusiya xammal verir, Çin isə texnologiya və sənaye məhsulları ixrac edir.

Qərb sanksiyaları Çin şirkətləri üçün Rusiya bazarını daha da açıb. Moskva isə alternativ tapa bilmədiyi üçün Pekinə daha sərfəli şərtlərlə enerji satmağa məcbur olur.

Son illərdə Çin energetika sahəsində ciddi transformasiya keçirib. Ölkə LNG terminalları, atom elektrik stansiyaları, hidroenerji layihələri, külək və günəş enerjisi sahəsində nəhəng infrastruktur qurub. Bu səbəbdən Pekin artıq Rusiyadan əlavə iri qaz asılılığı yaratmağa ehtiyac duymur.

Qabuyev yazır ki, Hörmüz boğazı ətrafındakı böhran fonunda Kreml Çinin quru marşrutlu əlavə qaz təchizatına maraq göstərəcəyini düşünürdü. Hətta “Gazprom” rəhbəri Aleksey Miller də Pekinə məhz bu məqsədlə getmişdi.

Amma Çin rəhbərliyi fərqli qərar verdi. Pekin hesab edir ki, artıq fəaliyyət göstərən “Sibirin gücü-1” və Uzaq Şərq qaz marşrutları fonunda daha bir nəhəng 30 illik müqaviləyə ehtiyac yoxdur.

 

Moskva Pekindən asılılığını dərinləşdirir

 

Buna baxmayaraq, müəllif qeyd edir ki, Çinlə imzalanan humanitar və təhsil sənədləri formal xarakter daşımır. Əslində Rusiya getdikcə Avropadan uzaqlaşır və Çin onun üçün əsas xarici istiqamətə çevrilir.

Müharibədən sonra rusiyalı tələbələrin, alimlərin və mədəniyyət nümayəndələrinin Qərbə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşıb. Şengen vizalarının əldə olunması çətinləşib, birbaşa aviareyslər dayandırılıb və Avropa ölkələri Rusiya ilə humanitar əlaqələri minimuma endirir.

Bu boşluğu isə Çin doldurmağa başlayıb. Pekin rusiyalı tələbələr və alimlər üçün təhsil proqramlarını genişləndirir, elmi əməkdaşlıq imkanlarını artırır və ölkəyə giriş qaydalarını sadələşdirir.

2025-ci ildə Çin Rusiya vətəndaşları üçün 30 günlük vizasız rejim tətbiq etdi. Moskva da qarşılıq olaraq eyni addımı atdı. Nəticədə ötən il Çinə səfər edən rusiyalıların sayı rekord həddə – 2 milyona çatdı.

Qabuyev qeyd edir ki, bir çox rusiyalı Çin səfərlərindən sonra bu ölkəni “gələcəyin dövləti” kimi görməyə başlayır. Müasir infrastruktur, təhlükəsizlik və texnoloji inkişaf Çinə münasibəti dəyişir.

 

Rusiya elitasının yeni istiqaməti

 

Məqalədə diqqət çəkən başqa bir detal isə Rusiya elitasının davranışıdır. Müəllif yazır ki, sanksiyalar səbəbindən Avropa ilə əlaqələrini itirən bir çox yüksəkvəzifəli məmur artıq uşaqlarına Çin dili öyrədir.

Hətta Kremlin sözçüsü Dmitry Peskov bir dəfə etiraf etmişdi ki, onun kiçik qızı çinli dayə sayəsində əvvəlcə çin dilində danışmağa başlayıb, yalnız sonra rus dilini öyrənib.

Qabuyevin fikrincə, bu tendensiya təsadüfi deyil. Putindən sonrakı dövrdə Rusiyanın inkişaf istiqamətini müəyyən edəcək yeni nəsil – müharibə dövründə yüksəlmiş hərbçilər və təhlükəsizlik strukturları nümayəndələri – getdikcə Çinlə daha sıx əlaqələr qurur.

Beləliklə, müəllifin qənaətinə görə, Moskva Pekinlə münasibətlərdə bərabər tərəfdaş statusunu tədricən itirir və Çin orbitinə daha dərin şəkildə daxil olur.

 





26.05.2026    çap et  çap et