Vaxt.Az

ABŞ Hindistanı qoparmağa çalışır


 

... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli

ABŞ Hindistanı qoparmağa çalışır ABŞ dövlət katibi Marko Rubio Ermənistandan əvvəl Hindistana dördgünlük səfər edib. Dövlət katibi hinldi rəsmilərlə fikir mübadiləsi aparmaqla yanaşı Yeni Dehlidə təhlükəsizlik üzrə dördtərəfli dialoq formatı olan (QUAD) qrupuna daxil olan Yaponiya, Avstraliya və Hindistanın xarici işlər nazirləri ilə toplantı keçirib

Rubio Hindistana səfərdən əvvəl bu ölkəni Amerikadan neft idxalının həcmini artırmağa, həmçinin bu xammalı Venesueladan da satın almağa inandırmağa çalışacağını söyləmişdi. Marko Rubio bu məqsədlə Venesuelanın Prezidenti Delsi Rodriqes gələn həftə Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb. Vaşinqtonun məqsədi aydındır, Hindistanın Rusiyadan neft alışını azaltmasını istəyir. Bu məqsədlə Vaşinqton Yeni Dehliyə alternativlər təklif edib.

Marko Rubio Yeni Dehlidə olarkən ABŞ Prezidenti Donald Tramp Hindistanın ünvanına mesajlar göndərib. ABŞ-ın Müstəqillik Bəyannaməsinin 250 illiyi münasibətilə ABŞ-ın Yeni Dehlidəki səfirliyində keçirilən yüksək səviyyəli qəbula telefonla qatılaraq “Hindistanın mənə və ölkəmizə 100 faiz etibar edə biləcəyini” vurğulayıb. “Əgər köməyə ehtiyac duysalar, hara zəng edəcəklərini bilirlər. Biz yaxşı iş görürük. Biz rekordlar qoyuruq. Bizim rekord iqtisadiyyatımız, rekord fond bazarımız var”, – deyə Ağ Ev sahibi əlavə edib. Hindistanın baş naziri Narendra Modinin böyük fanatı olduğunu bildirən Tramp iki dövlət arasında strateji tərəfdaşlığın gücləndirilməsi zərurətini bildirib. Eyni tədbirdə çıxış edən Marko Rubio Amerikanın qlobal rolunu vurğulayıb. ABŞ-ın Hindistandakı səfiri Serxio Qor ikitərəfli əlaqələrə nəticəyə yönəlmiş yanaşmanı vurğulayaraq, ABŞ-ın Corc Vaşinqton dövründən Prezident Trampa qədər qlobal “mayak” olaraq qaldığını və iki dövlətin lideri arasında sıx münasibətlərin qurulduğunu nümunə göstərib. Bütün bu açıqlamalar Hindistanın ABŞ və onun Sakit Okean bölgəsindəki müttəfiqləri ilə əlaqələri genişləndirməsinin təşviqi ilə əlaqəlidir.

Çin Rusiya ilə strateji tərəfdaşdır. Vaşinqton Hindistanın bu ittifaqa qoşulmasını istəmir. Yeni Dehli xarici və təhlükəsizlik siyasətində balansa üstünlük verir. Hindistan Rusiya və Çinlə birgə Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-in üzvü olsa da, Yeni Dehli bir sıra məsələlərdə Moskva və Pekindən fərqli yanaşmaya malikdir. Təsadüfi deyil ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaişankar təhlükəsizlik və qlobal məsələlərdə Hindistan-ABŞ əməkdaşlığının artdığını vurğulayıb.

QUAD toplantısında dörd ölkə arasında əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə olunub. Üzv ölkələr Çinin artan hərbi gücündən narahatdırlar. Pekin isə QUAD təşkilatının Çinin inkişafını məhdudlaşdırmağa çalışdığı qənaətindədir. Marko Rubio ABŞ-ın dördlükdən dəniz təhlükəsizliyi və vacib minerallar kimi məsələlərdə “konkret tədbirlər” görməsinin zərurətini bildirib. Görüşün əsas nəticələrindən biri minerallarla bağlı çərçivə sənədinin qəbulu olub. Rubionun sözlərinə görə, bu çərçivə dörd ölkənin hər biri üçün etalon rolunu oynayacaq və kritik mineral təchizat zəncirlərini gücləndirmək üçün iqtisadi siyasət alətlərindən istifadəyə və investisiyaların əlaqələndirilməsinə imkan verəcək. Bu sıraya mineralların hasilatı, emal və birgə istifadəsi aiddir.

 





26.05.2026    çap et  çap et