Fransanın paytaxtı Parisdə yerləşən lüks butiklərdən birinə hücum edilib. Naməlum şəxslər avtomobillə mağazanın vitrininə çırpılaraq içəri daxil olub və yüz minlərlə avro dəyərində qadın çantaları oğurlayıblar.
VAXT.AZ “The Guardian”a istinadən xəbər verir ki, hücum gecə saatlarında baş verib. Qarətçilər qısa müddət ərzində mağazadakı ən bahalı aksesuarları toplayaraq hadisə yerindən qaçıblar. İlkin hesablamalara əsasən, oğurlanan məhsulların dəyəri təxminən 200 min avro təşkil edir.
Hadisədən sonra polis əməliyyata başlasa da, avtomobilin və hücumda iştirak edən şəxslərin hələlik tapılmadığı bildirilir.
Fransa KİV-ləri son aylarda Parisdə lüks mağazalara qarşı bu tip hücumların artdığını qeyd edir. Xüsusilə “Chanel”, “Hermès”, “Dior” və “Louis Vuitton” kimi bahalı brendlərin məhsulları kriminal qrupların əsas hədəflərindən birinə çevrilib.
Ekspertlərin fikrincə, ikinci əl lüks çanta bazarının sürətlə böyüməsi və bu məhsulların qlobal bazarda asanlıqla satılması belə cinayətlərin artmasına səbəb olur.
çap et