Rusiya prezidenti Vladimir Putin hərbi xidmətdən və səfərbərlikdən yayınan şəxslərlə bağlı polisə əlavə səlahiyyətlər verən qanunu imzalayıb.
VAXT.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin profilaktik fəaliyyət planına “Vətənin müdafiəsi vəzifəsindən yayınma hallarının qarşısının alınması” maddəsi əlavə edilib. Bununla yanaşı, polis tarixi həqiqətin təhrifinə qarşı mübarizə istiqamətində də fəaliyyət göstərəcək.
Dəyişikliklər “Rusiya Federasiyasında hüquqpozuntularının profilaktikası sisteminin əsasları haqqında” Qanuna edilib. Qanun layihəsi ilin əvvəlində Dövlət Dumasının müdafiə və təhlükəsizlik komitəsi tərəfindən irəli sürülmüşdü.
Sənədin izahatında bildirilir ki, mövcud geosiyasi gərginlik şəraitində dövlət təhlükəsizliyinin və müdafiəsinin təmin olunması əsas prioritetlərdən biridir.
Qanun müəllifləri qeyd edirlər ki, hərbi xidmət vətəndaşın borcudur və bu vəzifə səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə də yerinə yetirilməlidir.
Yeni qanun Rusiyada səfərbərlik və hərbi xidmət məsələləri ətrafında nəzarətin daha da sərtləşdirilməsi kimi qiymətləndirilir. Son illərdə Moskva hərbi qeydiyyat sistemini rəqəmsallaşdırıb, çağırışdan yayınanlara qarşı məhdudiyyətləri artırıb və sərhəddən çıxış imkanlarını məhdudlaşdıran mexanizmlər tətbiq edib.
çap et