Bu gün səhər saatlarında Belçikanın Flamand regionunda yerləşən Büggenhaut şəhərində məktəbliləri daşıyan mikroavtobus qatarla toqquşub. Qəza nəticəsində azı dörd nəfər həlak olub, bir neçə uşaq isə ağır yaralanıb.VAXT.AZ “The Guardian”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında dəmiryol keçidində baş verib. Mikroavtobusda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş məktəbin yeddi şagirdi, sürücü və müşayiətçi olub.
İlkin məlumatlara əsasən, ölənlər arasında iki yeniyetmə, avtobus sürücüsü və müşayiətçi şəxs var. Daha beş uşağın xəstəxanaya yerləşdirildiyi, onların vəziyyətinin stabil olduğu bildirilir.
Qəza yerli vaxtla təxminən saat 08:15-də baş verib. “Infrabel” şirkətinin nümayəndəsi bildirib ki, hadisə zamanı dəmiryol keçidi bağlı olub, şlaqbaumlar endirilib və qırmızı işıq yanıb. Qatar maşinisti təcili əyləc tətbiq etsə də, toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Belçikanın daxili işlər naziri Bernard Quintin hadisəni faciəvi qəza adlandıraraq həlak olanların ailələrinə başsağlığı verib. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen də Belçika ilə həmrəylik ifadə edib.
Belçika KİV-ləri yazır ki, ölkədə dəmiryol keçidlərində baş verən qəzalar son illərdə ciddi problem olaraq qalır. Təkcə 2025-ci ildə belə hadisələr nəticəsində beş nəfər həlak olmuşdu.
çap et