ABŞ-ın şimal-qərb sahillərində bu il onlarla boz balinanın sahilə çıxaraq ölməsi alimlər və ekoloqlar arasında ciddi narahatlıq yaradıb.VAXT.AZ “Associated Press “ə istinadən xəbər verir ki, bu il təkcə Vaşinqton ştatı sahillərində və Puget boğazında 22 boz balinanın cəsədi aşkarlanıb. Bu göstərici son illərin ən yüksək rəqəmlərindən biri hesab olunur.
Yerli “KING 5” telekanalının məlumatına görə, ötən həftə Bremerton yaxınlığında daha bir erkək boz balinanın cəsədi tapılıb. Mütəxəssislər heyvanda həm ağır qidalanma çatışmazlığı, həm də zərbə izləri aşkar ediblər.
“Cascadia Research Collective”nin qurucusu, dəniz bioloqu Con Kalambokidis bildirib ki, sahilə çıxmış ölü boz balinaların sayı artıq rekord səviyyəyə çatır.
Araşdırmalara görə, əsas səbəblərdən biri iqlim dəyişiklikləri nəticəsində Arktikada balinaların qida bazasının zəifləməsidir. Alimlər qeyd edir ki, okean sularının istiləşməsi və turşuluğun artması boz balinaların qidalandığı kiçik dəniz orqanizmlərinin sayını azaldır.
Ekspertlər əlavə edirlər ki, balinalar təkcə aclıq deyil, həm də insan fəaliyyəti ilə bağlı təhlükələrlə üzləşir. Bunlara gəmi toqquşmaları, balıq torlarına ilişmə və yüksək dəniz səs-küyü daxildir.
Məlumata görə, bu il Vaşinqton sahillərində tapılan ən azı dörd balinada gəmi zərbəsinə bənzər zədələr aşkarlanıb. Bir balinanın bədənində isə yaxın zamanda tora ilişdiyini göstərən izlər qeydə alınıb.
Mütəxəssislər hesab edir ki, boz balinaların kütləvi ölümü qlobal iqlim dəyişikliklərinin dəniz ekosisteminə təsirinin ən ciddi siqnallarından biridir.
çap et