Vaxt.Az

NASA Ayda daimi baza yaradır


 

“Bir gün deyəcəyik ki, biz burada qalırıq və geri qayıtmırıq”

NASA Ayda daimi baza yaradır NASA Ayda uzunmüddətli insan mövcudluğu yaratmağı hədəfləyən yeni proqramının detalllarını açıqlayıb. Agentlik “Ay bazası” adlandırdığı layihə çərçivəsində artıq eniş modulları, roverlər və pilotsuz aparatların sifariş edildiyini bildirib.

VAXT.AZ xəbər verir ki, plan “Artemis program” çərçivəsində həyata keçiriləcək və əsas məqsəd Ayın cənub qütbü yaxınlığında daimi insan bazası yaratmaqdır. NASA rəhbərliyi bildirir ki, bu layihə gələcək Mars missiyaları üçün texnologiyaların sınaq platforması rolunu oynayacaq.

 

İlk mərhələ robot missiyalar olacaq

 

NASA administratoru Cared İsaakman açıqlayıb ki, agentlik artıq üç əsas Ay bazası missiyası planlaşdırıb və yaxın illərdə bunların sayı daha da artacaq.

İlk missiyalar Ayın cənub qütbündə yerləşən “Shackleton Connecting Ridge” bölgəsinə yönələcək. Alimlər hesab edirlər ki, burada daim kölgədə qalan kraterlərdə su buzu mövcuddur. Bu resurs gələcəkdə astronavtlar üçün içməli su, oksigen və hətta raket yanacağı istehsalında istifadə oluna bilər.

 

“Blue Origin” və “SpaceX” layihəyə qoşulur

 

“Blue Origin” 2026-cı ilin payızından tez olmayaraq “Mark 1 Endurance Lander” aparatını Aya göndərməyi planlaşdırır. Missiyanın məqsədi elmi avadanlıq və yük daşımaqdır.

Daha sonra “Astroboticnin Griffin” eniş aparatı və “Astrolabnin FLEX” roveri Ay səthinə yarım tondan artıq avadanlıq çatdıracaq. NASA bunu “Ay səthinə göndərilən ən böyük kommersiya yükü” adlandırır.

Layihədə “SpaceX” də iştirak edir. Şirkətin hazırladığı texnologiyalar gələcək insanlı Ay missiyalarında istifadə olunacaq.

 

Astronavtlar Aya nə vaxt qayıdacaq?

 

NASA hazırda “Artemis III” missiyasını 2027-ci ilin ortalarına planlaşdırır. Bu missiya çərçivəsində “Orion” kosmik gəmisi ilə Ay eniş modulları arasında birləşmə sistemləri sınaqdan keçiriləcək.

Agentlik daha sonra hər il Aya bir missiya göndərməyi planlaşdırır. 2028-ci ilin əvvəlində nəzərdə tutulan “Artemis IV” missiyasında astronavtlar kommersiya eniş aparatı ilə Ayın səthinə enəcəklər.

 

NASA-nın uzunmüddətli məqsədi

 

NASA rəsmiləri bildirirlər ki, layihənin ikinci mərhələsində – 2029-2030-cu illərdə Ayda enerji sistemləri, yaşayış modulları və digər daimi infrastruktur qurulacaq.

 

NASA proqram meneceri Karlos Qarsiya-Qalan bildirib ki, yekun məqsəd Ayda fasiləsiz insan mövcudluğu yaratmaqdır: “Bir gün deyəcəyik ki, biz burada qalırıq və artıq geri qayıtmırıq”.

 





27.05.2026    çap et  çap et