İtaliyada istirahətdə olan Almaniya vətəndaşının “BMW” markalı avtomobilinin elektron üsulla qarət edilməsi “keyless” – açarsız giriş sistemlərinin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
VAXT.AZ “Bild” qəzetinə istinadən xəbər verir ki, hadisə Venesiya yaxınlığında baş verib. Alman sürücü həyat yoldaşı ilə birlikdə qısa gəzintiyə çıxarkən avtomobilini dayanacaqda saxlayıb. Təxminən 20 dəqiqə sonra geri qayıtdıqda avtomobildəki planşet, fotoaparat və musiqi sisteminin oğurlandığını görüb. Maraqlısı isə avtomobildə heç bir qırıq şüşə və ya qapının zorlanması izi olmayıb.
Sürücü hadisədən az əvvəl içində iki nəfərin olduğu “Volvo” markalı avtomobilin boş yerlər olmasına baxmayaraq onların maşınının yanına park etdiyini bildirib. O, avtomobilin elektron siqnalın kopyalanması yolu ilə açıldığından şübhələndiyini deyib.
Almaniya Avtomobil Klubu (ADAC) uzun müddətdir “relay attack” adlanan elektron oğurluq üsulu barədə xəbərdarlıq edir. Bu metod zamanı xüsusi cihazlarla açarın siqnalı tutulur və avtomobil sahibinin xəbəri olmadan qapılar açılır.
ADAC-ın 800 avtomobil üzərində apardığı testlər göstərib ki, modellərin yalnız 15%-i bu hücumlardan effektiv qoruna bilir. Təhlükəsiz hesab olunan avtomobillərdə əsasən “Ultra-Wide-Band” texnologiyasından istifadə edilir.
Zərərçəkən sürücü oğurluq barədə İtaliya polisinə müraciət etdiyini və iPad vasitəsilə oğurlanmış əşyaların liman bölgəsində göründüyünü bildirib. Onun sözlərinə görə, polis personal çatışmazlığını əsas gətirərək işi aktiv araşdırmayıb.
Bundan əlavə, avtomobildəki əşyaları əhatə edən sığorta şirkəti də ilkin mərhələdə ödənişdən imtina edib. Səbəb kimi avtomobildə fiziki müdaxilə izlərinin olmaması göstərilib.
Daha sonra “BMW” “X2” model avtomobil servisə aparılıb və texniki hesabatda maşının düzgün şəkildə kilidləndiyi təsdiqlənib. Bundan sonra sığorta şirkəti qərarını dəyişib və kompensasiya ödəməyə razılaşıb.
Lakin sürücü bildirir ki, təxminən 11 min avro dəyərində əşya oğurlansa da, sığortadan yalnız 4,2 min avro geri ala biləcək.
Mövzu Almaniya mediasında və avtomobil forumlarında geniş rezonans doğurub. Ekspertlər hesab edirlər ki, elektron avtomobil oğurluqları yaxın illərdə avtomobil sənayesinin əsas təhlükəsizlik problemlərindən birinə çevrilə bilər.
çap et