Vaxt.Az

ABŞ-İran müharibəsi beynəlxalq turnirləri iflic edib


 

“Formula 1” təqvimində Bakı əsas tranzit nöqtəsinə çevrilə bilər

ABŞ-İran müharibəsi beynəlxalq turnirləri iflic edib “Formula 1” rəhbərliyi Yaxın Şərqdəki gərginlik səbəbindən ləğv edilmiş Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərindən birini mövsümün sonrakı hissəsində bərpa etməyə çalışır. Müzakirə olunan əsas variantlardan biri isə yarışın Bakı mərhələsi ilə Sinqapur Qran-prisi arasındakı boş tarixə yerləşdirilməsidir.

VAXT.AZ “GPblog” istinadən xəbər verir ki, əgər Yaxın Şərqdə vəziyyət sabitləşərsə, ləğv edilmiş yarışlardan biri oktyabrın 4-də keçirilə bilər. Hazırda “Formula 1” komandaları və təşkilatçılar Bakı–Yaxın Şərq–Sinqapur marşrutunu logistika baxımından ən real variant hesab edirlər.

Bu isə Azərbaycan Qran-prisinin təqvimdə strateji mövqeyini daha da ön plana çıxarır. Çünki komandalar Bakıda yarışdıqdan sonra birbaşa Yaxın Şərqə, oradan isə Sinqapura uça bilərlər. Məqalədə qeyd olunur ki, bu marşrut həm məsafə, həm də vaxt baxımından “Formula 1” üçün ən optimal həll sayılır.

“Formula 1”in baş icraçı direktoru Stefano Domenikali Fransanın “L'Équipe” nəşrinə açıqlamasında bildirib ki, təşkilatın artıq ehtiyat planı hazırdır: “Əgər mövsümün son yarışları müharibə səbəbindən baş tutmasa, alternativ həllərimiz var”.

Domenikali etiraf edib ki, mövcud sıx təqvim səbəbindən həm Bəhreyn, həm də Səudiyyə Ərəbistanı mərhələlərini yenidən təqvimə salmaq praktiki olaraq mümkün görünmür. Onun sözlərinə görə, hətta bir yarışın qaytarılması belə çətin məsələdir.

Hazırda əsas maneə ABŞ və İran arasındakı gərginlikdir. “Formula 1” rəhbərliyi hesab edir ki, Yaxın Şərqdə yarışların bərpası üçün ilk növbədə davamlı və tam atəşkəs əldə olunmalıdır. Lakin son günlər ABŞ-nin İranın cənubundakı hərbi obyektlərə yenidən zərbələr endirməsi bölgədə risklərin hələ də yüksək olduğunu göstərir.

Məqalədə vurğulanır ki, Avropadakı alternativ traslar da nəzərdən keçirilib. İtaliyadakı İmola və Portuqaliyadakı Portimao trasları potensial variant kimi müzakirə olunsa da, sıx təqvim və logistika problemləri səbəbindən bu ideyadan imtina olunub. Nürburqrinqin isə yalnız fövqəladə vəziyyət üçün nəzərdə tutulduğu bildirilir.

Beləliklə, Bakı mərhələsi mövsümün ən vacib logistika körpülərindən birinə çevrilə bilər. Əgər Yaxın Şərqdə vəziyyət sabitləşərsə, Azərbaycan Qran-prisi “Formula 1” təqvimində regionlararası keçid nöqtəsi rolunu oynayacaq əsas yarışlardan biri olacaq.

 





28.05.2026    çap et  çap et