Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən xüsusi hərracda yalnız bir mobil telefon nömrəsi üçün milyonlarla dollar ödənilib. “Most Noble Numbers” adlı xeyriyyə hərracında “058-7777777” nömrəsinin rekord qiymətə satılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, ardıcıl “7” rəqəmindən ibarət olan xüsusi nömrənin başlanğıc qiyməti 100 min dirhəm (təxminən 46 300 min manat) olub. Lakin qısa müddətdə milyarderlər və kolleksiyaçılar arasında ciddi rəqabət yaranıb. Nəticədə nömrə 3,2 milyon dirhəmə – təxminən 1.5 milyon manata satılıb.
Hərrac Dubaydakı “Armani Hotel Burj Khalifa” kompleksində təşkil olunub. Tədbir Məhəmməd bin Rəşid Əl Maktoumun “Global Initiatives” tərəfindən həyata keçirilən “Most Noble Numbers” xeyriyyə kampaniyasının bir hissəsi olub. Toplanan vəsaitin humanitar layihələr və aclıqla mübarizə proqramlarına yönəldiləcəyi bildirilib.
Hərracda yalnız telefon nömrələri deyil, eksklüziv avtomobil qeydiyyat nişanları da satışa çıxarılıb. Ən bahalı lotlardan biri “DD 6” dövlət nömrə nişanı olub və bu, 37 milyon dirhəmə (17,12 milyon manat) satılıb. Ümumilikdə tədbirdə 1 milyard dirhəmdən (500 milyon manata yaxın) çox vəsait toplandığı bildirilir.
Dubayda belə premium nömrələr uzun illərdir status və prestij simvolu hesab olunur. Xüsusilə: təkrarlanan rəqəmlər, tək rəqəmdən ibarət kombinasiyalar, və “7777777”, “0000000”, “1111111” kimi ardıcıllıqlar ən bahalı nömrələr sayılır.
Ekspertlər bildirirlər ki, BƏƏ-də bəzi zəngin şəxslər premium telefon nömrələri və avtomobil nişanlarını investisiya aləti kimi də görürlər. Çünki bu nömrələrin qiyməti illər keçdikcə daha da artır.
“MobileNumber.ae” platformasının məlumatına görə, BƏƏ tarixində ən bahalı telefon nömrəsi “052-2222222” olub. Bu nömrə 2015-ci ildə 8 milyon dirhəmdən (3.7 milyon manat) çox məbləğə satılmışdı. “058-7777777” isə son illərin ən diqqətçəkən satışlarından biri hesab olunur.
Sosial şəbəkələrdə isə hadisə fərqli reaksiyalar doğurub. Bəzi istifadəçilər milyonlarla dolların telefon nömrəsinə xərclənməsini “ifrat lüks” adlandırsa da, digərləri bunun Dubayda prestij və şəxsi brend göstəricisi olduğunu yazırlar.
çap et