Iran mediası ABŞ və İran arasında razılığın əldə olunması barədə yayılan xəbərləri təkzib edib. İran mətbuatının məlumatına görə, tərəflər arasında müzakirə olunan memorandumun mətni hələ yekunlaşdırılmayıb.VAXT.AZ “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, İranın ABŞ ilə danışıqlar aparan nümayəndə heyətindən adı açıqlanmayan rəsmi şəxs Qərb mənbələrinin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
“Bəzi Qərb mənbələrinin İran ilə terrorçu rejim arasında guya memorandum mətninin tamamlandığı və yalnız tərəflərin açıqlamasının gözlənildiyi barədə iddiaları doğru deyil. Mətn hələ tamamlanmayıb”, – deyə iranlı mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, memorandum yekun formaya salınacağı təqdirdə, bu barədə həm danışıqlarda vasitəçi rolunu oynayan Pakistan tərəfinə, həm də ictimaiyyətə rəsmi məlumat veriləcək.
Bundan əvvəl ABŞ-nin “Axios” xəbər platforması adları açıqlanmayan iki amerikalı rəsmiyə istinadən yazmışdı ki, Vaşinqton və Tehran atəşkəsin uzadılması, eləcə də İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi üçün 60 günlük razılığa gəliblər.
Məlumata görə, sənədin qüvvəyə minməsi üçün ABŞ prezidenti Donald Trampın təsdiqi gözlənilir.
“Axios”un xəbərində qeyd olunurdu ki, mümkün razılaşmanın ilkin mərhələsində Hörmüz boğazı üzərindən kommersiya gəmilərinin maneəsiz keçidinə icazə veriləcək. Bunun müqabilində isə ABŞ İran limanlarına tətbiq etdiyi dəniz blokadasını aradan qaldıracaq.
çap et