Vaxt.Az

ABŞ-də 250 dollarlıq əskinas


 

Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib

ABŞ-də 250 dollarlıq əskinas Ağ Ev administrasiyası üzərində Donald Trampın portreti əks olunan yeni 250 dollarlıq əskinasın dövriyyəyə buraxılması ideyasını irəli sürüb.

VAXT.AZ “The Washington Post”a istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin siyasi təyinatlı rəsmiləri ötən ildən etibarən ölkənin pul nişanlarının hazırlanmasına cavabdeh olan qurumdan yeni əskinasın prototiplərini hazırlamağı istəyiblər.

Məlumata əsasən, hazırlanan eskizlərdə Trampın portreti, ABŞ-nin 250 illik yubileyinə həsr olunmuş loqo və prezidentin imzası yer alıb.

Lakin təşəbbüs ciddi hüquqi maneələrlə üzləşə bilər. ABŞ qanunvericiliyinə görə, hazırda yaşayan şəxslərin ölkə valyutası üzərində təsvir olunması qadağandır. “The Washington Post” qeyd edir ki, bu qadağa 1866-cı ildən qüvvədədir.

ABŞ Maliyyə naziri Skott Bessent isə bildirib ki, Konqres müvafiq qanunu qəbul edərsə, nazirlik yeni əskinasın istehsalına hazır olacaq. Onun sözlərinə görə, hazırda bununla bağlı ilkin hazırlıq işləri aparılır.

Məlumata görə, qanun layihəsi respublikaçı konqresmen Co Uilson (Joe Wilson) tərəfindən təqdim olunub və ABŞ-nin yaradılmasının 250 illiyinə həsr edilməsi nəzərdə tutulur. Bununla belə, sənəd hələlik Konqresdə irəliləyiş əldə etməyib.

 





29.05.2026    çap et  çap et