Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca regionda informasiya qarşıdurması və dezinformasiya kampaniyaları daha da intensivləşir. Xüsusilə Rusiya tərəfi saxta məlumatlar yaymaqla bu gərginliyi daha da körükləyir.VAXT.AZ xəbər verir ki, son günlər sosial şəbəkələr və bəzi “Telegram” kanallarında yayılan “800 fransız hərbçisinin İrəvana göndərilməsi” barədə iddialar geniş müzakirələrə səbəb olub.
İddialar görə, Fransa Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizliyini təmin etmək üçün ölkəyə 800 nəfərlik hərbi kontingent göndərib. Hətta bəzi paylaşımlarda bu qüvvələrin mümkün daxili qarşıdurma və ya Paşinyanın hakimiyyəti itirəcəyi halda onun ölkədən çıxarılması üçün hazır vəziyyətdə saxlanıldığı irəli sürülür.
Lakin beynəlxalq “fact-check” platformaları və media qurumları həmin məlumatların saxta olduğunu açıqlayıb. “Lead Stories” tərəfindən yayımlanan araşdırmada qeyd olunur ki, sosial şəbəkələrdə yayılmış və guya “BBC News”a aid edilən video tamamilə saxtadır. Araşdırmaya görə, videoda istifadə olunan səsin süni intellekt vasitəsilə yaradıldığı, görüntülərin isə manipulyasiya edildiyi müəyyən olunub.
Məlumatda deyilir ki, “800 fransız legioneri Ermənistana göndərilir” başlıqlı videoda heç bir real mənbə göstərilməyib. BBC is belə reportaj yayımladığını bildirib. Araşdırmada vurğulanır ki, əgər Fransa həqiqətən Ermənistana hərbi qüvvə yerləşdirsəydi, bu, beynəlxalq gündəmdə əsas xəbərlərdən biri olardı.
Eyni zamanda “Euronews” və bir sıra regional media platformaları bildirirlər ki, Ermənistan seçkiləri ərəfəsində ölkəyə qarşı genişmiqyaslı dezinformasiya kampaniyası aparılır. Araşdırmalarda qeyd edilir ki, mart ayından etibarən yüzlərlə saxta video və manipulyativ xəbər yayılıb.
Həmin materiallarda əsas narrativlərdən biri Paşinyanın Qərb və xüsusilə Fransa ilə “gizli anlaşmalar” bağlaması, seçkilərdə qalib gəldikdən sonra isə Ermənistanı Rusiya ilə qarşıdurmaya sürükləməsi iddiasıdır. Analitiklər bildirirlər ki, bu cür məlumatların məqsədi cəmiyyətdə qorxu yaratmaq və seçkiöncəsi siyasi gərginliyi artırmaqdır.
Bununla yanaşı, Fransanın son illərdə Ermənistanla hərbi əməkdaşlığı genişləndirdiyi məlumdur. “Reuters” in məlumatına görə, Paris İrəvana “CAESAR” artilleriya sistemləri və digər hərbi texnikaların satışını həyata keçirib. Ermənistan da son dövrdə Rusiya ilə münasibətlərdəki problemlər fonunda müdafiə sahəsində Fransa və Hindistan kimi ölkələrlə əməkdaşlığı gücləndirib.
çap et