Vaxt.Az

Kremldən İrəvana daha bir embarqo


 

Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı

Kremldən İrəvana daha bir embarqo Rusiya Ermənistandan idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına növbəti məhdudiyyətlər tətbiq edib. Moskvanın qərarı İrəvanda 7 iyun parlament seçkiləri öncəsi iki ölkə arasında artan siyasi gərginlik fonunda qəbul olunub.

VAXT.AZ Rusiya mediasına istinadən xəbər verir ki, Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti — “Rosselkhoznadzor” açıqlayıb ki, sabahdan (30 may) etibarən Ermənistandan gətirilən pomidor, xiyar, bibər, çiyələk və müxtəlif göyərti məhsullarının idxalına müvəqqəti qadağa qoyulur. Rəsmi səbəb kimi fitosanitar təhlükəsizlik pozuntuları göstərilib.

Qərar Ermənistan iqtisadiyyatı üçün həssas məqamlardan birində qəbul edilib. Çünki Rusiya Ermənistan kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarı hesab olunur. “Reuters” yazır ki, Moskva son həftələrdə Ermənistan üzərində iqtisadi təzyiqləri artırır və bu addımlar İrəvanın Qərbə yaxınlaşması ilə əlaqələndirilir.

Son aylarda Rusiya artıq Ermənistan istehsalı olan mineral sular, konyak, şərab və çiçək məhsullarına da müxtəlif məhdudiyyətlər tətbiq edib. Bundan əvvəl “Jermuk” mineral suyunun satışı dayandırılıb, bir sıra erməni spirtli içki istehsalçılarının məhsulları isə “standartlara uyğun gəlmədiyi” iddiası ilə Rusiya bazarından çıxarılıb.

“The Moscow Times” qeyd edir ki, yeni qadağalar Moskvanın Ermənistana qarşı artan siyasi və iqtisadi təzyiq kampaniyasının davamı kimi qiymətləndirilir. Nəşrin məlumatına görə, Kreml İrəvanın Avropa Birliyi və ABŞ ilə yaxınlaşmasından narahatdır.

Bundan başqa, Rusiya tərəfi Ermənistana ucuz qaz və neft tədarükünün də dayandırıla biləcəyi barədə xəbərdarlıq edib. Kremlin nümayəndələri bildiriblər ki, Ermənistan həm Avropa Birliyi ilə inteqrasiya, həm də Rusiya rəhbərliyindəki Avrasiya İqtisadi Birliyində paralel iştirak edə bilməz.

Analitiklər hesab edirlər ki, Moskvanın iqtisadi təzyiq alətləri seçki öncəsi Ermənistanda daxili siyasi proseslərə təsir göstərmək məqsədi daşıyır. Baş nazir Nikol Paşinyan son illərdə ölkənin xarici siyasət kursunu Qərbə doğru dəyişdirməyə çalışır ki, bu da Kremlin sərt reaksiyasına səbəb olur.

 





29.05.2026    çap et  çap et