Dünən axşam Rusiyaya məxsus pilotsuz uçuş aparat (PUA) Rumıniyanın Qalați şəhərində çoxmərtəbəli yaşayış binasının damına düşüb. Hadisə nəticəsində iki nəfər yaralanıb, binanın 70 sakini isə təxliyə olunub. Rumıniya hakimiyyəti insidenti ölkənin hava məkanının pozulması kimi qiymətləndirib.VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, Rumıniya Xarici İşlər Nazirliyi (XİN) insidentdən sonra NATO müttəfiqlərinə müraciət edərək antidron müdafiə sistemlərinin təhvilinin sürətləndirilməsini istəyib.
Nazir Oana-Silviya Țoyu sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, Rusiya PUA-ları radar sistemlərində aşkar edildikdən sonra Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarə və bir helikopter havaya qaldırılıb.
Nazirin sözlərinə görə, hərbi ekipajlara atəş açmaq üçün icazə də verilib.
“Bu insident Rusiya Federasiyası tərəfindən ciddi və məsuliyyətsiz eskalasiyadır. Rumıniya beynəlxalq hüququn və öz hava məkanının bu ağır pozuntusuna cavab olaraq zəruri diplomatik addımlar atacaq”, – deyə nazirin bəyanatında qeyd olunub.
Țoyu əlavə edib ki, hadisə barədə NATO müttəfiqləri, Avropa ölkələri və alyansın baş katibi məlumatlandırılıb. Rumıniya eyni zamanda ölkəyə antidron vasitələrinin daha sürətli çatdırılması üçün tədbirlərin görülməsini istəyib.
Rumıniya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, “Rusiya bu ağır və məsuliyyətsiz hərəkətlərə görə birbaşa məsuliyyət daşıyır”.
“Rumıniya Rusiya Federasiyasına qarşı beynəlxalq təzyiqi artırmaq və dərhal, hərtərəfli atəşkəsə nail olmaq üçün qətiyyətlə hərəkət edəcək”, – deyə nazir əlavə edib.
çap et