Rusiya Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi baş nazir Nikol Pashinyanın yenidən hakimiyyətə gəlməsinin qarşısını almaq üçün gizli əməliyyat hazırlayır.VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, agentliyin Qərb rəsmiləri və kəşfiyyat mənbələrinə istinadən məlumatına görə, Moskva Rusiyada yaşayan on minlərlə erməninin seçkilərdə iştirak etməsi üçün Ermənistana daşınmasını müzakirə edir. Agentlik yazır ki, Kremlin planına əsasən, seçicilərin təşkil olunmuş şəkildə ölkəyə gətirilməsi və səsverməyə yönləndirilməsi nəzərdə tutulur.
Mənbələrin iddiasına görə, bu əməliyyatın ümumi dəyəri təxminən 50 milyon dollar hesablanır. Həmçinin Rusiyanın müxtəlif regionlarına neçə nəfərin göndərilməli olduğu barədə “kvotalar” verildiyi bildirilir.
“Reuters”un məlumatında qeyd olunur ki, Kreml eyni zamanda Ermənistanda rusiyapərəst siyasi qüvvələrin dəstəklənməsi üçün fəal kampaniyaya başlayıb. Agentlik həmin şəxslər arasında erməni əsilli milyarder Samvel Karapetyanın adını çəkir.
Karapetyan hazırda hakimiyyətin devrilməsinə çağırış ittihamı ilə məhkəmə qarşısındadır. Biznesmen Kremlin dəstəyi ilə bağlı iddiaları rədd edib.
Agentliyin məlumatına görə, Moskvanın əsas mesajı “Ermənistanın yalnız Rusiya ilə ittifaq şəraitində inkişaf edə biləcəyi” tezisi üzərində qurulub.
Moskva–İrəvan münasibətləri sürətlə pisləşir
“Reuters” qeyd edir ki, Ermənistan ilə Rusiya arasında münasibətlər xüsusilə Qarabağ müharibəsindən sonra ciddi şəkildə gərginləşib. Son illərdə Paşinyan hökuməti Avropa Birliyi və ABŞ ilə yaxınlaşma siyasətini gücləndirib.
Bu həftə Marko Rubionun Ermənistana səfər etməsi, ABŞ prezidenti Donald Trampın isə Paşinyanın yenidən seçilməsini açıq şəkildə dəstəkləməsi vurğulanır.
Bunun fonunda Moskva İrəvana qarşı iqtisadi təzyiqləri artırır. Rusiya artıq Ermənistan məhsullarına qarşı bir sıra məhdudiyyətlər tətbiq edib. Son aylarda erməni konyakı, tərəvəz məhsulları və çiçəklərin idxalı ilə bağlı qadağalar qüvvəyə minib.
“Rospotrebnadzor” bu gündən etibarən Ermənistan istehsalı olan “Jermuk” mineral suyunun satışını dayandırıb. Məlumata görə, qadağa ümumilikdə 64,5 milyon şüşəni əhatə edir.
“Reuters” yazır ki, Kremlin həm iqtisadi, həm də informasiya təzyiqi Ermənistanda seçkiöncəsi siyasi balansı dəyişdirməyə yönəlib.
çap et