Çinin Sincan səhrasında nüvə qüvvələrinin sağ qalmasını təmin etmək məqsədilə genişmiqyaslı hərbi infrastruktur (bunker) inşa edilir. Təhlükəsizlik üzrə analitiklərin fikrincə, Pekinin qurduğu yeni obyektlər ABŞ-nin mümkün preventiv nüvə zərbəsinə cavab imkanını qorumağa hesablanıb.VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, agentliyin təhlil etdiyi peyk görüntülərində Sincan bölgəsində, xüsusilə Hami raket şaxtaları yaxınlığında 80-dən çox beton start meydançası, bunker və rabitə qovşağı aşkar edilib.
Məlumata görə, obyektlərdən ikisi səkkizbucaqlı formada tikilib və Hami raket kompleksindən təxminən 140–230 kilometr məsafədə yerləşir. Ərazi zirehli bunkerlər, silah anbarları, aerodromlar və dəmir yolu terminalları ilə əhatə olunub.
“Reuters” yazır ki, aprel və may aylarında həmin obyektlərin yaxınlığında ağır hərbi texnikanın iştirakı ilə genişmiqyaslı təlimlər də müşahidə edilib.
Analitiklərin fikrincə, yeni platformalar mobil qitələrarası ballistik raketlərin və radioelektron mübarizə sistemlərinin yerləşdirilməsi üçün nəzərdə tutulub.
Bəzi ekspertlər hesab edir ki, səkkizbucaqlı obyektlər Çin nüvə qüvvələrinin komanda-idarəetmə və rabitə sistemlərinin əsas hissəsi ola bilər.
“Carnegie Endowment for International Peace” fondunun eksperti Tonq Jao bildirib ki, obyektlər Hami şaxta raketlərinin idarəetmə infrastrukturu ilə əlaqəli görünür.
“Federation of American Scientists” təşkilatının Nüvə İnformasiya Layihəsinin rəhbəri Hans Kristensen isə belə tikinti miqyasını “fövqəladə səviyyədə hazırlıq” adlandırıb.
“Reuters” qeyd edir ki, Pekin son illərdə “minimum, lakin etibarlı nüvə çəkindirmə” strategiyasını gücləndirir. Məqsəd ABŞ-nin mümkün ilk zərbəsindən sonra belə cavab hücumu imkanını qorumaqdır.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hesab edir ki, Çin 2030-cu ilə qədər nüvə başlığının sayını 1000-ə çatdırmağı planlaşdırır.
Bundan əlavə, “Huoyan” peyk sistemi vasitəsilə Pekin qitələrarası ballistik raket buraxılışlarını təxminən 90 saniyə ərzində aşkar edə bilir.
Məlumata görə, Çin hazırda nüvə arsenalını dünyada ən sürətli artıran ölkə hesab olunur. 2023-cü ildən etibarən ölkənin arsenalına hər il təxminən 100 yeni nüvə başlığı əlavə edilib və ümumi sayın artıq 600-ü keçdiyi bildirilir.
“Queen's University” nəzdində fəaliyyət göstərən Beynəlxalq və Müdafiə Siyasəti Mərkəzinin əməkdaşı Maksim Starçak bildirib ki, Çin formal olaraq minimal nüvə çəkindirmə konsepsiyasını müdafiə etsə də, real vəziyyətdə imkanlarını sürətlə genişləndirir.
Onun sözlərinə görə, Pekin artıq mobil və şaxta tipli raketləri döyüş başlıqları ilə birlikdə yerləşdirir, hipersəs sistemlərini inkişaf etdirir və erkən xəbərdarlıq şəbəkəsini gücləndirir.
Starşak qeyd edib ki, Vaşinqtonda narahatlıq yaradan əsas məqam Çinin rəsmi “ilk istifadə etməmə” doktrinasına baxmayaraq, gələcəkdə məhdud preventiv nüvə zərbəsi imkanına sahib ola bilməsidir.
BMT-nin Silahsızlanma Araşdırmaları İnstitutunun (UNIDIR) eksperti Pavel Podviq isə hesab edir ki, Pekinin addımları aqressiya deyil, ABŞ-yə qarşı çəkindirmə mexanizmi yaratmağa yönəlib.
Onun fikrincə, Çin çoxsaylı şaxtalar tikməklə ABŞ-nin bütün nüvə obyektlərini eyni anda məhv etməsini praktiki olaraq mümkünsüz hala gətirməyə çalışır.
Podviqin sözlərinə görə, Vaşinqton uzun illər Pekinin məhdud və həssas nüvə arsenalını üstünlük kimi qiymətləndirirdi. Lakin Çin potensialını artırdıqca ABŞ-nin strateji üstünlüyü azalır və bu da Vaşinqtonda ciddi narahatlıq yaradır.
çap et