Vaxt.Az

Rusiyada benzin talonla verilir


 

Ölkədə yanacaq qıtlığı dərinləşir

Rusiyada benzin talonla verilir Rusiya tərəfindən işğal olunan Krım yarımadasında yanacaq qıtlığı ilə bağlı məhdudiyyətlər böyüyür. Bu gündən etibarən yarımadanın əsas şəhəri Sevastopolda Aİ-92 və Aİ-95 markalı benzinin satışı yalnız talonlarla həyata keçirilməyə başlanılıb.

VAXT.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Mixail Razvojayev məlumat verib. Onun sözlərinə görə, məhdudiyyət yanacaqdoldurma məntəqələrində ehtiyatların bərpası üçün müvəqqəti xarakter daşıyır. Razvojayev əlavə edib ki, bir avtomobil üçün 20 litr yanacaq limiti qüvvədə qalır, həmçinin benzinin kanistrlərə satışı məhdudlaşdırılıb.

Yanacaq qıtlığı yarımadanın ikinci şəhəri Simferopolda da meydana gəlib. Yerli mənbələrin məlumatına görə, şəhərdə yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Bəzi məntəqələrdə isə benzinin ümumiyyətlə olmadığı bildirilir.

Krımın rusiyalı rəhbəri Sergey Aksyonov dünəndən etibarən Aİ-95 markalı benzinin satışını gündə bir nəfərə maksimum 20 litrlə məhdudlaşdırıb. O, sakinləri ehtiyat üçün əlavə yanacaq almamağa çağırıb.

Məlumatlara görə, yarımadada yaranmış yanacaq çatışmazlığı Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Krımı Rusiyanın Rostov vilayəti ilə birləşdirən əsas logistika marşrutlarına zərbələri ilə əlaqələndirilir. Həmin marşrut yarımadaya yanacaq tədarükünün əsas yollarından biri hesab olunur. Bundan əlavə, son aylarda Rusiyanın neft emalı infrastrukturuna endirilən zərbələrin də yanacaq təminatına mənfi təsir göstərdiyi bildirilir.

 

Rusiyanın daxilində də problemlər yayılır

 

Yanacaq böhranı təkcə Krımla məhdudlaşmır. Rusiyanın bir sıra regionlarında da oxşar problemlər müşahidə olunur. Ryazan vilayətində bəzi yanacaqdoldurma məntəqələrində Aİ-92 və Aİ-95 benzininin çatışmadığı, xüsusilə müəyyən məntəqələrdə müvəqqəti boşluqlar yarandığı bildirilir. Nijni-Novqorodda sürücülər bir sıra stansiyalarda yanacaq tapmaqda çətinlik çəkdiklərini deyirlər. Mərkəzi və Volqa regionlarının ayrı-ayrı məntəqələrində fasiləli satış və ehtiyatların azalması barədə məlumatlar var.

Rusiya rəsmiləri bəzi regionlarda yaranan vəziyyəti “lokal təchizat problemləri” kimi qiymətləndirsə də, ümumilikdə ölkənin neft emalı zavodlarına edilən hücumların istehsal və logistika zəncirinə təsir göstərdiyi bildirilir.

Son aylarda Rusiyanın bir sıra neft emalı müəssisələri və enerji infrastrukturu zərbələrə məruz qalıb. Bu da emal gücünün azalmasına, daxili bazarda yanacaq axınının zəifləməsinə və bəzi regionlarda çatışmazlıqlara səbəb olub.

Vəziyyət hələ ümummilli talon sisteminə keçid demək deyil, lakin regionlar üzrə artan məhdudiyyətlər və qıtlıq əlamətləri sistemli təzyiqin göstəricisi kimi qiymətləndirilir.

 





31.05.2026    çap et  çap et