İsrail ordusunun Livandakı hərbi əməliyyatlarını genişləndirməsi beynəlxalq enerji bazarlarında neftin qiymətinin yüksəlməsinə səbəb olub.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, Asiya bazarlarında həftənin ilk ticarət gününün başlanğıcında xam neft bahalaşıb. Buna səbəb İsrail qüvvələrinin həftəsonu Livan ərazisinin daha dərin hissələrinə doğru irəliləməsi və Yaxın Şərqdəki münaqişənin səngimək əvəzinə daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqlar olub.
Ticarət sessiyasının ilk saatlarında ABŞ-ın “WTI” markalı xam neftinin qiyməti 2,88 faiz artaraq bir barel üçün 89,88, “Brent”in qiyməti isə 2,43 faiz yüksələrək 93,33 dollardan satılıb.
İsrail ordusunun irəliləyişi aprelin 17-dən qüvvədə olan atəşkəs rejiminə baxmayaraq baş verib. Hadisə həmçinin iyunun 2-3-də ABŞ Dövlət Departamentində keçirilməsi planlaşdırılan Livan-İsrail birbaşa danışıqlarından bir neçə gün əvvəl qeydə alınıb.
Asiya bazarlarında qarışıq mənzərə
Asiya-Sakit Okean regionu fond bazarlarında isə fərqli istiqamətli dinamika müşahidə olunub.
Cənubi Koreyanın “Kospi” indeksi 1,31 faiz yüksəldiyi halda, Yaponiyanın “Nikkei 225” indeksi 0,17 faiz artımla açılıb. Daha geniş bazarı əhatə edən “Topix” indeksi isə 0,3% geriləyib.
Avstraliyanın “S&P/ASX 200” indeksi 0,21 faiz azalıb. Honkonqun “Hang Seng” indeksi 0,73 faiz yüksəlib, Çinin əsas fond göstəricilərindən olan “CSI 300” isə 0,32 faiz dəyər itirib.
Bu arada Yaponiyanın texnologiya və investisiya holdinqi “SoftBank Group”un səhmləri Fransada süni intellekt infrastrukturu layihələrinə qarşıdakı beş ildə 45 milyard avro investisiya yatıracağını açıqlamasından sonra 5 faiz bahalaşıb.
ABŞ bazarlarında rekord seriyası davam edir
ABŞ-da isə birja indeksləri ötən həftə qeydə alınan rekord nəticələrin ardından yeni həftəyə sabit başlayıb.
“S&P 500” indeksi 0,2 faiz artaraq ardıcıl yeddinci həftəni yüksəlişlə başa vurub. Bu, 2023-cü ildən bəri qeydə alınan ən uzun yüksəliş seriyası hesab olunur. İndeks eyni zamanda ardıcıl dördüncü ticarət günündə tarixi maksimum səviyyəyə çatıb.
“Dow Jones” Sənaye İndeksi 0,7 faiz, “Nasdaq Composite” indeksi isə 0,2 faiz bahalaşıb. Hər iki indeks ötən həftə ərzində yeni rekord göstəricilər qeydə alıb.
Analitiklərin fikrincə, bazardakı yüksəlişin əsas hərəkətverici qüvvəsi texnologiya şirkətlərinin səhmləri olub. Təkcə may ayında “S&P 500” indeksinə daxil olan texnologiya şirkətlərinin səhmləri 15%-dən çox dəyər qazanıb.
“Edward Jones” şirkətinin baş qlobal strateqi Angela Kurkafas bildirib ki, hazırkı yüksəliş əsasən texnologiya sektorunun güclü maliyyə nəticələri hesabına baş verir, lakin investorları maraqlandıran əsas sual bu tendensiyanın nə qədər davamlı olacağıdır.
Ötən həftəsonu keçirilən birjada da texnologiya sektoru bazarı yuxarı daşıyıb. “Microsoft”un səhmləri 5,4 faiz, “Broadcom”un səhmləri isə 4,7 faiz bahalaşıb.
çap et