Avropada dəfn ənənələrində ciddi dəyişiklik müşahidə olunur. Xüsusilə Fransa ərazisində qəbir yerlərinin azalması və şəhərləşmənin artması nəticəsində kremasiya – yəni cəsədlərin yandırılması – getdikcə daha geniş yayılır.VAXT.AZ BBC-yə istinadən xəbər verir ki, son illərdə Paris, Lion və Marsel kimi iri şəhərlərdə qəbiristanlıqlarda boş yerlərin azalması dəfn prosesində alternativ üsullara tələbatı artırıb.
Şəhərsalma və demoqrafik sıxlığın artması nəticəsində ənənəvi dəfn üçün torpaq sahəsi tapmaq çətinləşib. Bu səbəbdən kremasiya həm praktik, həm də daha əlçatan seçim kimi ön plana çıxır.
Məlumatlara görə, Fransada 1980-ci illərdə cəmi 1 faiz səviyyəsində olan kremasiya göstəricisi bu gün təxminən 40 faizə qədər yüksəlib. Bu artım Avropada ümumi tendensiyanın bir hissəsi kimi qiymətləndirilir.
Ekspertlər bu dəyişimi iki əsas faktor – şəhərlərdə qəbir yerlərinin azalması və dini və sosial baxışların dəyişməsi ilə izah edirlər
Kilsənin qərarı dönüş nöqtəsi olub
Tarixən Avropada kremasiya uzun müddət qəbul edilməyib. Lakin Katolik Kilsəsi 1963-cü ildə kremasiyaya qoyulan qadağanı ləğv etdikdən sonra bu praktika yenidən geniş yayılmağa başlayıb.
Kilsə daha sonra bildirib ki, kremasiya dini baxımdan inanc prinsiplərinə zidd deyil və insanın ruhuna təsir etmir.
Kremasiyadan sonra küllərin xüsusi qabda (urna) saxlanması, xatirə bağlarında yerləşdirilməsi və ya təbiətə səpilməsi kimi alternativlər Avropada daha geniş tətbiq olunur.
Cəmiyyətin yanaşması dəyişir
Sosioloji araşdırmalara görə, qitədə əhalinin böyük hissəsi öz dəfn mərasimi üçün kremasiyanı daha məqbul hesab edir. Lakin yaşlı nəsil arasında ənənəvi dəfn üsulu hələ də üstünlük təşkil edir.
Mütəxəssislər hesab edirlər ki, şəhərləşmənin davam etməsi və qəbiristanlıq yerlərinin məhdudlaşması fonunda Avropada kremasiya göstəricisi növbəti illərdə daha da arta bilər.
çap et