Vaxt.Az

Atəşkəs nefti ucuzlaşdırdı


 

Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır

Atəşkəs nefti ucuzlaşdırdı Dünya bazarında neft qiymətləri İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasından sonra geriləyib. Beləliklə, neft son üç ticarət sessiyasında müşahidə olunan yüksəliş seriyasını dayandırıb.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, “Brent” markalı neftin bir barreli 97 dollara düşüb, ABŞ-nin “WTI” markalı xam nefti isə 95 dollar ətrafında ticarət olunub. Hər iki etalon növ həftənin ilk üç iş günündə təxminən 10% bahalaşmışdı.

İsrail, Livan və ABŞ tərəfindən yayılan birgə bəyanata əsasən, razılaşmanın qüvvədə qalması İranın dəstəklədiyi “Hizbullah” hərəkatının da hücumları tam dayandırmasından asılıdır.

Bununla yanaşı, Vaşinqton və Tehran mövcud atəşkəs rejiminin daha iki ay uzadılması və Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpası üçün ümumi çərçivə üzrə anlaşsalar da, yekun detallar ətrafında danışıqların ləng getdiyi bildirilir.

İranın xarici işlər naziri “Tasnim” agentliyinə açıqlamasında danışıqlarda hələlik ciddi irəliləyiş əldə olunmadığını bildirib. Tehran həmçinin İsrailin Beyruta zərbələri davam etdirəcəyi təqdirdə cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.

Ekspertlərin fikrincə, son günlərdə neftin bahalaşmasının əsas səbəbi Yaxın Şərqdə gərginliyin yenidən artması və Hörmüz boğazı vasitəsilə enerji daşımalarının bərpasına dair gözləntilərin zəifləməsi olub.

"Westpac Banking Corp."un əmtəə araşdırmaları şöbəsinin rəhbəri Robert Renni hesab edir ki, İsrail-Livan atəşkəsi qısa müddətdə bazardakı təzyiqi azalda bilər. Lakin onun sözlərinə görə, Hörmüz boğazı tam fəaliyyətini bərpa etmədiyi halda qlobal ehtiyatların azalması fonunda neftinin qiyməti ilin son rübündə 130 dollara qədər yüksələ bilər.

ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, İran silahlı qarşıdurmaların dayandırılmasına dair memorandum imzalayacağı halda Hörmüz boğazı dərhal açılacaq. Onun sözlərinə görə, bunun üçün yalnız müəyyən ərazilərin və dəniz minalarının təmizlənməsi tələb olunur.

 





04.06.2026    çap et  çap et