Vaxt.Az

Qacarlar nəslinin məşhur davamçısı


 

İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi

Qacarlar nəslinin məşhur davamçısı Dünən (iyunun 3-də) İranın türk əsilli fransız yazıçı, rəssam və kinorejissor Mərcan Satrapinin 56 yaşında vəfat edib. Yazıçının yaxınları bu barədə “Agence France-Presse”ə bildiriblər: “Mərcan Satrapi həyat yoldaşı və ömrünün sevgisi olan Mattias Ripanın ölümündən 14 ay sonra qəm-qüssədən dünyasını dəyişib”.

İsveçli prodüser və ssenarist Mattias Ripa 2025-ci il aprelin 8-də vəfat edib. Onun ölümündən sonra Satrapi mərhum həyat yoldaşının xatirəsinə Mattias və Mərcan Ripa-Satrapi Kino Fondunu (Mattias and Mərcane Ripa-Satrapi Cinema Foundation) yaradıb.

Fond Parisdəki Təsviri İncəsənət Akademiyasında təhsil almaq istəyən tələbələrə dəstək göstərir.

 

İranda keçən uşaqlıq illəri

 

Mərcan Satrapi 1969-cu ildə İranın şimalında yerləşən Rəşt şəhərində imkanlı ailədə anadan olub. Uşaqlıq illərində fransız liseyində təhsil alıb.

Satrapi ailəsinin üzvləri siyasi baxımdan fəal olub və sol hərəkatları dəstəkləyiblər. Onlar əvvəlcə şah Məhəmməd Rza Pəhləviyə, daha sonra isə İslam Respublikasına qarşı çıxıblar.

Satrapi ailəsinin köklərinin XIX əsrdə İranın sonuncu Türk xanədanı Qacarlar sülaləsinə bağlı olduğunu bildirirdi. Onun sözlərinə görə, nəsil şəcərəsi Qacar hökmdarı Nəsirəddin Şaha qədər uzanırdı. Bununla belə, yazıçı bu faktı heç vaxt xüsusi imtiyaz kimi təqdim etmirdi. Müsahibələrinin birində o, zarafatla qeyd etmişdi ki, Qacar şahlarının yüzlərlə həyat yoldaşı və minlərlə övladı olduğu üçün bu gün həmin nəslin davamçılarının sayı da çoxdur: “Mən Qacar nəslindənəm, amma bu, düşündüyünüz qədər qeyri-adi deyil. Onların o qədər çox övladı və nəvəsi var idi ki, bu gün İranın yarısı özünü həmin nəslə bağlaya bilər”.

Mərcan Satrapi Tehrandakı fransız liseyində oxuyub. Onun dünyagörüşünün formalaşmasında əmisi Ənuş mühüm rol oynayıb. Kommunist inqilabçı olan Ənuş ona həbs həyatı, sosialist idealları və siyasi mübarizə barədə danışırdı.

İslam İnqilabından sonra Ənuş yenidən həbs olunub, edam edilib və adsız məzarda dəfn olunub.

1983-cü ildə, 14 yaşında olarkən valideynləri Mərcanı təhsilini başa vurmaq üçün Avstriyanın paytaxtı Vyanaya göndəriblər. Həmin vaxta qədər İran hakimiyyəti onun oxuduğu liseyi bağlamışdı.

Satrapinin sözlərinə görə, o, yeniyetmə yaşlarından fəal siyasi mövqeyə malik olub. O dövrdə “Iron Maiden” və Kim Vayld kimi Qərb musiqiçilərinin kasetlərini alıb dinləyirdi. Gənc Mərcan qadın geyiminə dair sərt qaydalar tətbiq edən “əxlaq polisi”nin tələblərini pozurdu.

O, 2023-cü ildə verdiyi müsahibədə bildirib ki, atası İranda qadınlar üçün hicabın məcburi olmasına qarşı keçirilən etiraz aksiyalarında iştirak edən azsaylı kişilərdən biri olub.

Lakin Vyanadakı həyat Satrapi üçün asan keçməyib. O, tez-tez yaşayış yerini dəyişməli olub, bir neçə ay evsiz qalıb və küçədə gecələyib. Sonradan bronxitə tutulub və az qala həyatını itirəcək vəziyyətə düşüb.

Bu hadisədən sonra valideynləri onu yenidən İrana qaytarıblar.

Tehrana qayıdan Satrapi İslam Azad Universitetinə daxil olub və burada vizual kommunikasiya ixtisası üzrə təhsil alıb.

Ölkəyə qayıtdıqdan sonra o, valideynlərinin İran-İraq müharibəsi dövründə yaşadığı ağır hadisələrlə üzləşib. Bu dövrdə onda depressiya yaranıb və iki dəfə intihara cəhd edib.

Sonradan Satrapi sağ qalmasını həyatını davam etdirmək üçün verilmiş bir işarə kimi qəbul etdiyini bildirib.

İslam Respublikasında tətbiq olunan məhdudiyyətlər universitetlərdən də yan keçmirdi. Satrapi və dostları axşamlar çılpaq insan fiqurları çəkir, əsərlərini “əxlaq polisi”ndən gizlədirdilər.

1991-ci ildə Satrapi kurs yoldaşı, İran-İraq müharibəsi veteranı Rza ilə ailə qurub. O, sonralar həmin dövrdə özünü “həyat yoldaşı rolunun içində sıxışıb qalmış” hiss etdiyini yazıb.

Boşanmış qadınlara qarşı mövcud ictimai təzyiqlərə və stereotiplərə baxmayaraq, nənəsinin məsləhəti ilə Rzadan ayrılıb.

1994-cü ildə valideynləri onun ölkəni birdəfəlik tərk etməsində israr ediblər. Satrapi Fransanın Strasburq şəhərinə köçərək Reyn Ali İncəsənət Məktəbində təhsil almağa başlayıb, daha sonra isə Parisə yerləşib.

İki il sonra Mattias Ripa ilə evlənib. Elə həmin il də onun həyatında mühüm yer tutan nənəsi vəfat edib.

 

“Persepolis” – dünya şöhrətinə aparan yol

 

2000–2003-cü illərdə “L'Association” nəşriyyatı Mərcan Satrapinin ən məşhur əsəri hesab olunan “Persepolis” qrafik romanının dörd cildini nəşr edib.

Əsər qısa müddətdə beynəlxalq fenomenə çevrilib və dünya üzrə 2 milyondan çox nüsxə satılıb.

“Persepolis” Satrapinin şəxsi həyat hekayəsi əsasında yazılıb. Müəllif birinci şəxsin dilindən İslam İnqilabı, İran-İraq müharibəsi və ölkədə baş verən siyasi dəyişikliklər fonunda keçən uşaqlıq və gənclik illərindən bəhs edir. 2007-ci ildə Satrapi fransız komiks müəllifi və rejissoru Vensan Paronno ilə birlikdə əsərin animasiya ekranlaşdırmasını hazırlayıb.

Film Kann Film Festivalında nümayiş olunub və Karlos Reyqadasın “Sakit işıq” filmi ilə birlikdə Münsiflər Heyətinin Mükafatına layiq görülüb.

Daha sonra “Persepolis” “Ən yaxşı animasiya filmi” nominasiyası üzrə “Oskar” mükafatına namizəd göstərilib.

Mərcan Satrapi həmin kateqoriyada namizəd olan ilk qadın rejissor kimi kino tarixində xüsusi yer tutub.

 

Sonrakı yaradıcılıq

 

İlk böyük uğurundan sonra Satrapi “Naxışlar” (2003) və “Gavalı ilə toyuq” (2004) adlı qrafik romanlarını nəşr etdirib. Hər iki əsər nüfuzlu mükafatlara layiq görülüb, o cümlədən Fransanın Anqulem Beynəlxalq Komiks Festivalında mükafat qazanıb.

Satrapi “Gavalı ilə toyuq” əsərini 2011-ci ildə Vensan Paronno ilə birlikdə ekranlaşdırıb. Film Venesiya Film Festivalında təqdim olunub.

Əsərin süjeti Satrapinin qohumu, musiqiçi Nasir Əli Xanın həyatından ilhamlanıb. Filmdə baş qəhrəman, aktyor Matye Amalrikin canlandırdığı musiqiçi, həyat yoldaşının mübahisə zamanı onun sevimli musiqi alətini sındırmasından sonra yaşamaq həvəsini itirir.

Bir il sonra Satrapi ilk dəfə tam müstəqil rejissor kimi “Yotas dəstəsi” kriminal komediyasını çəkib.

Filmdə əsas rollardan ikisini Mərcan Satrapinin özü və həyat yoldaşı Mattias Ripa ifa ediblər.

 

Hollivud təcrübəsi

 

Satrapinin Hollivuddakı ilk işi olan “Səslər” filmi 2014-cü ildə ekranlara çıxıb. Filmdə Rayan Reynolds, Cemma Arterton və Anna Kendrik rol alıblar. Filmin premyerası “Sundance” festivalında keçirilib.

Qorxu elementləri ilə zəngin qara komediya janrında çəkilən ekran əsərində psixi problemlər yaşayan bir şəxs ev heyvanlarının səslərini eşitməyə başlayır və həmin səslər onu cinayətlər törətməyə sövq edir.

Lakin Satrapinin Hollivuddakı fəaliyyəti asan olmayıb. O, sonradan “Variety” nəşrinə verdiyi müsahibədə, “layihənin büdcəsi müəyyən həddi keçəndən sonra onlar qadın rejissorlara etibar etmirlər. Kiçik filmlər çəkə bilərik, amma böyük layihələrdə düşünürlər ki, ‘o nə etdiyini bilmir’. Əlbəttə ki, bilirik”, – demişdi.

Satrapinin fikrincə, bu stereotiplərin dəyişməsi uzun zaman tələb edir.

 

Mariya Küri haqqında film

 

Hollivud layihəsindən beş il sonra Satrapi yenidən bioqrafik janra qayıdıb. Bu dəfə o, öz həyatından deyil, dünya elminin ən məşhur simalarından biri olan Mariya Kürinin həyatından bəhs edən “Radioaktiv” filmini çəkib. Filmin ssenarisi Loren Rednissin qrafik romanı əsasında hazırlanıb. Mariya Kürini britaniyalı aktrisa Rozamund Payk canlandırıb. Filmdə həmçinin Sem Rayli və Anya Teylor-Coy da rol alıblar.

Mərcan Satrapinin sağlığında çəkdiyi son film 2024-cü ildə təqdim olunan “Əziz Paris” olub. Film Turin Film Festivalında nümayiş etdirilib. Ekran əsərində Monika Belluççi, Roşdi Zem, Aleks Lüts, Andre Düsolye və Rossi de Palma kimi tanınmış aktyorlar çəkiliblər. Filmin icraçı prodüseri isə Satrapinin həyat yoldaşı Mattias Ripa olub.

 

Siyasi mövqeyi və molla rejimi ilə qarşıdurma

 

Mərcan Satrapi yaradıcılığı ilə yanaşı, siyasi mövqeyi ilə də tanınırdı. O, uzun illər molla rejimini açıq şəkildə tənqid edən ən məşhur mədəniyyət xadimlərindən biri hesab olunurdu.

2009-cu ildə İranda keçirilən prezident seçkilərindən sonra yaranan siyasi böhran zamanı Satrapi rejissor Möhsün Məxməlfafla birlikdə Avropa Parlamentinin üzvləri qarşısında çıxış edib.

Həmin dövrdə Məxməlfaf müxalif namizəd Mirhüseyn Musəvinin nümayəndəsi kimi fəaliyyət göstərirdi.

Onlar Avropa parlamentarilərinə ali dini lider Ayətullah Əli Xameneyiyə ünvanlandığı iddia edilən məxfi məktub təqdim ediblər. Satrapi və Məxməlfafın sözlərinə görə, məktubda seçkilərin real nəticələri əks olunurdu. Lakin sənədin həqiqiliyi sonradan təsdiqlənməyib.

Rəsmi nəticələrə əsasən, seçkilərin qalibi Mahmud Əhmədinejad elan olunmuşdu.

 

“Qadın. Həyat. Azadlıq”

 

2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranda kütləvi etiraz aksiyaları başlayıb. 22 yaşlı Məhsa Əmini hicab qaydalarını pozduğu iddiası ilə saxlanıldıqdan sonra həyatını itirmişdi. Bu hadisə ölkədə geniş etiraz dalğasına səbəb olmuşdu.

Satrapi həmin hadisələrə biganə qalmayıb. O, Qərb auditoriyası üçün bu etirazlarını sənədləşdirən “Qadın. Həyat. Azadlıq” adlı qrafik layihənin hazırlanmasına rəhbərlik edib. Layihə İran küçələrində baş verən hadisələri, etirazçıların hekayələrini və ölkədəki ictimai-siyasi vəziyyəti beynəlxalq oxuculara çatdırmaq məqsədi daşıyırdı.

 

Tehran yeniyetmələrinin müdafiəsi

 

2023-cü ildə Tehranda beş yeniyetmə sosial şəbəkədə paylaşdıqları videoya görə həbs edilmişdi.

Onlar “TikTok” platformasında nigeriyalı müğənni Rema və amerikalı müğənni Selena Qomesin mahnısı altında rəqs etdikləri videonu paylaşmışdılar. Hadisə beynəlxalq rezonans doğurdu. Mərcan Satrapi yeniyetmələrin müdafiəsinə qalxaraq Parisdəki İran səfirliyi qarşısında dəstək aksiyası təşkil etdi. Bu fləşmob Fransa mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.

 

Fransaya sevgisi və etirazı

 

Satrapi 2006-cı ildə Fransa vətəndaşlığı alıb. Buna baxmayaraq, o, son illərdə Fransa hakimiyyətini İran siyasətinə görə sərt şəkildə tənqid edirdi. 2025-ci ildə Fransa hökumətinin ona təqdim etmək istədiyi Fəxri Legion ordenindən imtina edib. Satrapi bu qərarını açıq məktubla izah edib.

O bildirib ki, Fransa hakimiyyəti İranla bağlı məsələlərdə ikiüzlü siyasət yürüdür.

Yazıçının fikrincə, İran oliqarxlarının və yüksək vəzifəli şəxslərinin övladları Fransaya sərbəst şəkildə səfər edə, burada təhsil ala və bəzi hallarda Fransa vətəndaşlığı belə əldə edə bildikləri halda, gənc müxalifətçiləri çox vaxt turist vizası almaqda belə çətinlik çəkirlər.

Məhz buna görə Satrapi Fransa dövlətinin ən yüksək mükafatlarından birini qəbul etməkdən imtina etdiyini açıqlayıb.

 

İranın ən tanınmış dissident simalarından biri

 

Mərcan Satrapi həyatının böyük hissəsini vətəndən kənarda keçirsə də, yaradıcılığının əsas mövzusu həmişə doğma diyarı olub. Onun kitabları, filmləri və ictimai fəaliyyəti milyonlarla insan üçün ölkə cəmiyyətini, inqilabın nəticələrini, qadınların vəziyyətini və azadlıq uğrunda mübarizəni anlamaq vasitəsinə çevrilib.

“Persepolis”dən “Qadın. Həyat. Azadlıq” layihəsinə qədər Satrapi öz nəslinin və müxalifətin ən tanınmış simalarından biri kimi yadda qalıb.

2026-cı ildə onun vəfatı təkcə ədəbiyyat və kino dünyası üçün deyil, həm də demokratik hərəkatı üçün mühüm itki kimi qiymətləndirilir.

 





04.06.2026    çap et  çap et