ABŞ Prezidenti Donald Tramp İranın İsrailə qarşı həyata keçirdiyi ballistik raket hücumlarından sonra Tehrana danışıqlar masasına qayıtmaq çağırışı edib.VAXT.AZ “Fox News”a istinadən xəbər verir ki, Tramp İsraildə hava həyəcanı siqnallarının səsləndirilməsindən sonra bildirib ki, İranın raket zərbələri davam edən danışıqlara heç bir kömək etmir.
“İrana tövsiyəm budur: Raketlərinizi atdınız, artıq kifayətdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”.
ABŞ lideri əlavə edib ki, İranın İsrailə qarşı son hücumları diplomatik prosesə mənfi təsir göstərir.
Tramp eyni zamanda İsrailin bu gün Beyrutda həyata keçirdiyi hava zərbəsinə də münasibət bildirərkən, “Bundan məmnun deyiləm”, – deyib.
Bundan başqa, Tramp “Axios” nəşrinə açıqlamasında İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayacağını və onu İranın raket hücumlarına cavab zərbəsi endirməməyə çağıracağını deyib.
İsrail mediasının məlumatına görə, İran Beyruta endirilən zərbələrə cavab olaraq İsrail istiqamətində təxminən 10 ballistik raket buraxıb. Raketlərin üç dalğa şəklində atılması nəticəsində İsrailin şimalındakı bir sıra şəhərlərdə hava həyəcanı siqnalları işə düşüb.
Xatırladaq ki, İsrail ordusu atəşkəs rejiminə baxmayaraq bu gün Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsinə hava zərbələri endirib. Bundan sonra İran rəsmiləri hücuma cavab veriləcəyini bəyan etmişdilər.
çap et