Ermənistanda keçirilən parlament seçkilərində Avropaya inteqrasiya xəttini müdafiə edən Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası ilkin və yenilənmiş hesablamalara görə öndə gedir. Rusiyayönlü müxalif bloklar isə gözlənilən nəticəni əldə edə bilməyib.Mərkəzi Seçki Komissiyasının və sonrakı yenilənmiş sayım mərhələlərinin açıqladığı ilkin nəticələrə əsasən, təxminən 2 min seçki məntəqəsindən 600-dən çoxunun nəticələri üzrə Paşinyanın partiyası səslərin təxminən 49,81 faizini toplayıb.
Seçkidə əsas müxalif qüvvə sayılan, iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi Rusiyapərəst “Güclü Ermənistan” bloku təxminən 23,29 faiz səslə ikinci yerdə qərarlaşıb.
Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan İttifaqı” isə təxminən 8,7 faiz səs toplayıb. Köçəryan Rusiyanın prezidenti Vladimir Putinlə yaxın əlaqələri ilə tanınır.
Digər erməni biznesmen Qaqik Tsarukyanının “Çiçəklənən Ermənistan” Partiyası isə təxminən 5,1 faiz səslə parlamentə düşmək üçün lazım olan 4 faizlik həddi keçib.
Beləliklə, Rusiyayönlü qüvvələr parlamentdə üstünlük qazanmaq imkanından uzaq qalıb.
Seçkidə fəallıq da yüksəlib. Yenilənmiş göstəricilərə görə, seçici fəallığı təxminən 60 faiz təşkil edib. Bu rəqəm 2021-ci ildə qeydə alınan 49 faizlik rəqəmlərə nisbətən nəzərəçarpacaq artım deməkdir.
Seçkilər Ermənistanın siyasi kursunun müəyyənləşməsi baxımından həlledici mərhələ kimi qiymətləndirilirdi. Paşinyan 2018-ci ildən bəri ölkəni ənənəvi Rusiya orbitindən çıxararaq Avropa Birliyi və Qərblə yaxınlaşdırmağa çalışır.
Paşinyanın Avropaya yaxınlaşma siyasəti Moskva ilə münasibətləri xeyli gərginləşdirib. Rusiya tərəfinin son aylarda iqtisadi təzyiq alətləri – o cümlədən ticarət məhdudiyyətləri və enerji qiymətləri ilə bağlı xəbərdarlıqları Ermənistanda narazılıq doğurub.
Eyni zamanda, Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasını prioritet kimi saxlayır. Seçkilərdən sonra Ermənistan–Türkiyə sərhədinin mərhələli şəkildə açılması ehtimalı da gündəmdədir.
Seçki kampaniyası gərgin və qarşılıqlı ittihamlar fonunda keçib. Hakimiyyət Rusiyayönlü partiyaları “səs satın alma” və xarici təsir mexanizmlərindən istifadə etməkdə günahlandırıb. Müxalifət isə hökuməti siyasi rəqiblərə təzyiq göstərməkdə ittiham edib.
Almaniyanın “Konrad-Adenauer” Fondunun Cənubi Qafqaz üzrə eksperti Yakob Völlenşteynin qiymətləndirməsinə görə, ölkədə siyasi alternativlərin məhdudluğu Paşinyanın mövqeyini faktiki olaraq gücləndirir.
İlkin və yenilənmiş nəticələrə əsasən, Nikol Paşinyanın hökumətinin növbəti beş illik mandatı təmin etməsi gözlənilir. Lakin yeni dövrdə Ermənistanı ciddi çağırışlar gözləyir. Rusiya ilə gərgin münasibətlər, iqtisadi asılılıq və Avropa Birliyinə inteqrasiya prosesinin real çətinlikləri ölkənin əsas gündəmində qalacaq.
çap et