Vaxt.Az

Erməni seçicilər nə düşünür?


 

Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür

Erməni seçicilər nə düşünür? Dünən (7 iyun) Ermənistanda 2018 və 2021-ci illərdə siyasi böhranlar nəticəsində iki növbədənkanər seçkidən sonra növbəti parlament seçkiləri keçirildi. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının açıq fərqlə öndə olduğunu göstərən siyasi marafonda nəticələr həm ölkə daxilində siyasi kursun davamı, həm də regionda Rusiya təsirinin zəifləməsi kimi qiymətləndirilir.

Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara görə, “Vətəndaş müqaviləsi” Partiyası 50 faizə yaxın səslə liderdir. Onu Rusiyapərəst milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” ittifaqı 23% ilə izləyir.

60 faiz seçici fəallığı qeydə alınan seçkidə keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,8 faiz toplayaq mandat sahibi oldu.

3.996 faiz səs toplayan “Çiçəklənən Ermənistan” Partiyası isə 4 faizlik parlament baryerini keçə bilmədi.

Yekun nəticələrə görə, 105 yerlik parlamentdə 64 deputat kreslosu əldə edən hakim partiya höküməti təkbaşına formalaşdırmaq səlahiyyəti qazandı. Rusiyapərəst qüvvələr isə 41 yerlə kifayətlənməli oldu.

***

51 yaşlı baş nazir Nikol Paşinyan səs verdikdən sonra jurnalistlərə açıqlamasında, “İnsanların qalibi olacağına əminəm. Bu şəxsi məsələ deyil. Gözləntilərim odur ki, Ermənistan vətəndaşları bu seçkilərin qalibləri olsunlar”, – deyib. O eyni zamanda, “Xalqın edəcəyi hər seçimi qəbul edəcəyik”, – bəyanatını da verdi.

Qızıyla birlikdə seçki məntəqəsinə gələn parlamentin sədri Alen Simonyan, "Qızımın sülhcü, varlı və açıq bir ölkədə yaşamasını istəyirəm”, – deyib.

Müdafiə naziri Suren Papikyan isə fikrini daha qısa ifadə edib: “Ermənistan əsgərlərinin sülh içində xidmət etməsi, əbədi son sülh üçün səs verdim”.

Xarici işlər naziri Ararat Mirzəyan da məntəqədən çıxarkən, “Ermənistanın sülhü və inkişafı üçün səs verdim”, – deyib.

Ölkə prezidenti Vahaqn Xaçaturyan isə öz seçimini belə formalaşdırıb: “Ermənistan Respublikasının sülhpərvər, inkişaf edən, güclü və sabit gələcəyi üçün səs verdim”.

Müxalifət liderinin nümayəndəsi, keçmiş prezident Robert Köçəryan müxtəsər danışıb. Sabiq prezident Qalib gələcəkləri təqdirdə “manifestinə uyğun köklü dəyişikliklər” edəcəklərini bildirib.

Müxalif “Güclü Ermənistan” blokunun rəhbəri, ev həbsində olan Samvel Karapetyan səsverməyə polis müşayiəti ilə gəlib. Media qarşısına çıxan biznesmen Moskva ilə əlaqəsini rədd edib: "Rusiyanın Ermənistanda öz maraqları var. Amma bu mənim üçün dəstək deyil”.

Ermənistan Apostol Kilsəsinin başçısı II Qaregin Katolikos da səs verdikdən sonra, “Allahdan Ermənistan dövlətini sarsılmaz saxlamasını, xalqımızın bu ağır sınaqları aşmasını, güclü, təhlükəsiz, hüquqi, çiçəklənən ölkə qurmağa müvəffəq etməsini diləyirəm”.


“Sülh istəyirik, başqa seçim yoxdur”

 

Seçki günü paytaxt İrəvan və bölgələrdə aparılan küçə sorğularında ən çox səslənən fikir müharibə yorğunluğu və sülh tələbi olub.

“Agence France-Presse”ə danışan 63 yaşlı sənətkar Hakob Hakobyan, “Mən sülh üçün səs verdim. Sülhü yalnız Paşinyan gətirə bilər”, – 59 yaşlı mühəndis Xaçatur Movsisyan isə, “Ölkənin və hamımızın həm xarici, həm daxili siyasətdə, həm də Azərbaycanla aparılan danışıqlarda dəyişikliyə ehtiyacı var”, – deyib.

“Reuters”ə danışan 39 yaşlı İrəvan sakini Karin Darbinyan hakimiyyət tərəfdarı kimi öz seçimini belə izah edib: "Ermənistanın gözümün qabağında necə böyüdüyünü görüb çox sevinirəm”.

“Artıq ideologiya yox, sülh vacibdir. Mənim üçün əsas məsələ müharibənin olmamasıdır”, – bir seçici fikrini bildirib.

Digər seçici isə, “Ən azı indi açıq müharibə yoxdur”, – sözləri ilə məmnunluğunu qeyd edib.

Digər bir vətəndaş isə, “Qarabağ itirilib, amma yeni müharibə daha böyük fəlakət olar”, – deyib.

Bir gənc seçici, “Biz keçmişə qayıda bilmərik. Sadəcə rahat həyat istəyirik”, – açıqlamasını verib.

Müxalifəti dəstəkləyən seçici Qayan isə fərqli bir tablo çəkib: "Mövcud hakimiyyət bu ümidi bizdən aldı. Samvel Karapetyan isə bizə yeni ümid verdi — ən azı Ermənistanımızı və ənənələrimizi qoruya bilərik”.

Digər seçici isə Ermənistanın Qərbə yaxınlaşmasını risk kimi qiymətləndirir və Moskvanın rolunu həlledici sayıb: “Rusiya olmasa, bizi kim qoruyacaq? Avropa uzaqdır”.

Digəri isə açıqlamasını, “Sərhəddə problem olanda heç kim kömək etmir, Rusiya isə tarixən buradadır”, – deyib.

Seçicilərin mühüm hissəsi isə ümumiyyətlə siyasi sistemə etimad göstərməyib.

Bir vətəndaş, “kim gəlir-gəlsin, heç nə dəyişmir”, başqa birisi isə “seçkilər dəyişiklik yaratmır, sadəcə adlar dəyişir” sözləri ilə inamsızlıqılarını açıqlayıb.

Bəzi seçicilər Paşinyanı ideal hesab etməsə də, onu real alternativ görmür: “Paşinyan pis deyil, amma alternativ də yoxdur”.

Digər erməni, “Onu sevmirəm, amma başqasını da görmürəm”, – deyib.

2020–2023 müharibəsi və Dağlıq Qarabağın itirilməsi seçicilərin qərarlarına ciddi təsir göstərməkdə davam edir.

Bir seçici, “Biz Qarabağı itirdik və bu heç vaxt unudulmayacaq”, başqa biri isə “bəlkə də bu reallıq idi, amma bizə heç vaxt düzgün izah olunmadı”, – sözləri ilə münasibət bildirib.

Gənc seçicilər arasında isə daha fərqli bir tendensiya müşahidə olunur. Gənclər ölkəni tərk etməyi düşündüklərini bildirib: “Mən burada gələcək görmürəm”, digəri isə “Təhsil alsam da, ölkədən getmək istəyirəm”, – deyib.

İrəvandakı 5/16 saylı məntəqənin sədri Tiqran Qalstyan isə seçki günündən maraqlı bir detal paylaşıb: “Hətta toy günü məntəqəyə gələn bir cütlük də oldu. Onlara da xatirə suvenir verdik”.

***

Beynəlxalq media nəticələri Kremlin təsirinin zəifləməsi kimi şərh edir. Bir sıra Qərb nəşrlərinə görə, Paşinyanın qələbəsi Ermənistanın “Rusiya orbitindən tədricən uzaqlaşması” kimi qiymətləndirilir.

Eyni zamanda Moskva ilə Avropa Birliyi arasında balans siyasəti Ermənistan üçün əsas strateji xətt olaraq qalır.

 





08.06.2026    çap et  çap et