İsrail və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşdiyi bir vaxtda İranın bir sıra strateji şəhərlərində və Şiraz hava limanı ətrafında partlayışlar baş verib. Təhlükəsizlik səbəbindən ölkə üzrə hava məkanına məhdudiyyətlər tətbiq olunub.VAXT.AZ İranın “Didban” nəşrinə istinadən xəbər verir ki, İsrail ordusunun səhər saatlarında Tehran, İsfahan, Təbriz və Kərəc şəhərlərinə hava zərbələri endirməsindən sonra bölgədə hərbi aktivlik ən yüksək səviyyəyə çatıb. İranın müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemləri işə salınıb, bir sıra strateji məntəqələrdə partlayış səsləri eşidilib.
Ölkənin cənubunda yerləşən Şiraz hava limanının yaxınlığında güclü partlayış baş verib.
Hərbi mənbələr və yerli hakimiyyət orqanları hadisənin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Təhlükəsizlik risklərinin artması fonunda hava limanında bütün daxili və beynəlxalq reyslər yerli vaxtla saat 20:00-dək dayandırılıb.
İran dövlət mediası paytaxt Tehran üzərində uçan və mənsubiyyəti açıqlanmayan pilotsuz uçuş aparatının hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq məhv edildiyini bildirib.
Bundan əlavə, paytaxtın ətrafındakı İslamşəhr, Malard, Kəhrizək və Bağerşəhr bölgələrində də partlayış səslərinin eşidildiyi qeyd olunur. Müdafiə qurumlarının nümayəndələri hava müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıblar.
İsrailin hücumlarına cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab əməliyyatına başladığını bəyan edib.
Rəsmi açıqlamada İsrailin “Nevatim” və “Tel Nof” hərbi hava bazalarının ballistik raketlərlə hədəfə alındığı bildirilib.
İran rəhbərliyi İsrail hücumlarının davam edəcəyi təqdirdə cavab tədbirlərinin miqyasının daha da genişləndiriləcəyini vurğulayıb.
Hadisələrdən sonra İsrailin baş naziri Benjamin Netanyahu vəziyyəti müzakirə etmək üçün təhlükəsizlik kabinetinin fövqəladə iclasını çağırıb.
Eyni zamanda, Yəməndə fəaliyyət göstərən İranın dəstəklədiyi “Husilər“ adlı silahlı qruplaşması İsrail ərazisinə raket atdıqlarını açıqlayıb və Qırmızı dəniz üzərindən İsrail limanlarına istiqamətlənən kommersiya gəmilərinin hərəkətinə qadağa tətbiq etdiklərini bəyan edib.
çap et