2026-cı ili beynəlxalq iqtisadiyyat üçün mürəkkəb və ziddiyyətli proseslərin müşahidə olunduğu bir dövr kimi xarakterizə etmək olar. Son illərdə dünya iqtisadiyyatı pandemiyanın nəticələri, Rusiya-Ukrayna müharibəsi, beynəlxalq inflyasiya dalğası və geosiyasi qarşıdurmaların təsiri altında fəaliyyət göstərib. Bu gün isə beynəlxalq təşkilatların hesabatlarına baxsaq görərik ki, hazırkı vəziyyət böhrandan uzaq olsa da, yüksək qeyri-müəyyənlik şəraitində inkişafını davam edir.Beynəlxalq Valyuta Fondunun (IMF) 2026-cı il üzrə qiymətləndirmələri göstərir ki, beynəlxalq iqtisadi artımın təxminən 3,1% səviyyəsində olacağı gözlənilir. Bu göstərici qlobal resessiya riskinin məhdud olduğunu göstərsə də, son onilliklərin orta iqtisadi artım tempindən aşağıdır. Dünya Bankı və digər beynəlxalq qurumlar isə daha ehtiyatlı mövqe nümayiş etdirərək beynəlxalq artımın 2,6–2,7% intervalında formalaşacağını proqnozlaşdırırlar. Bu fərqlər təşkilatların istifadə etdiyi ssenarilərə əsaslansa da, ümumi nəticə dəyişməzdir. Dünya iqtisadiyyatı əvvəlki dövrlərlə müqayisədə daha zəif templərlə böyüyür.
Beynəlxalq perspektivlərə təsir edən əsas amillərdən biri geosiyasi risklərin artmasıdır. Dünya İqtisadi Forumunun (WEF) 2026-cı il üzrə “Global Risks Report” hesabatında geoiqtisadi qarşıdurma yaxın illər üçün ən ciddi qlobal risk kimi qiymətləndirilir. Hesabatda qeyd olunur ki, dövlətlər iqtisadi alətlərdən getdikcə daha çox geosiyasi məqsədlər üçün istifadə edirlər. Tariflər, sanksiyalar, texnologiya ixracına məhdudiyyətlər və təchizat zəncirlərinin yenidən qurulması beynəlxalq iqtisadi münasibətlərin yeni xüsusiyyətinə çevrilib.
Bu prosesin ən aydın nümunələrindən biri ABŞ və Çin arasında davam edən iqtisadi və texnoloji rəqabətdir. Son illərdə yarımkeçiricilər, süni intellekt texnologiyaları və strateji xammallara nəzarət uğrunda mübarizə qlobal istehsal və investisiya qərarlarına birbaşa təsir göstərir. Bir sıra beynəlxalq araşdırmalar göstərir ki, qlobal iqtisadi parçalanmanın dərinləşməsi dünya ÜDM-inə orta müddətdə 0,5–1 faiz bəndi həcmində mənfi təsir göstərə bilər.
2026-cı ilin gündəmini müəyyənləşdirən digər mühüm faktor enerji bazarındakı vəziyyətdir. İlin ilk aylarında Yaxın Şərqdə baş verən gərginliklər və Hörmüz boğazı ətrafında yaranan risklər beynəlxalq enerji bazarlarında ciddi narahatlıq yaratdı. Böhranın pik dövrlərində neft qiymətlərində 60%-dən artıq artım müşahidə olunub. Enerji qiymətlərinin yüksəlməsi beynəlxalq inflyasiya təzyiqlərini gücləndirə və iqtisadi artımı zəiflədə bilər. Xüsusilə enerji idxalından asılı ölkələr üçün bu risklər daha həssas xarakter daşıyır.
Süni intellekt və rəqəmsal texnologiyalar məhsuldarlığın artırılması baxımından mühüm potensiala malikdir. Süni intellekt texnologiyalarının 2030-cu ilə qədər qlobal iqtisadiyyata 15–20 trilyon ABŞ dolları həcmində əlavə dəyər qazandırması gözlənilir. Bu səbəbdən bir çox ölkələr texnoloji transformasiyanı iqtisadi inkişaf strategiyasının əsas elementlərindən birinə çevirirlər.
Digər tərəfdən, inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadiyyatda rolu da artır. BRICS platformasının genişlənməsi, yerli valyutalarla hesablaşmaların təşviqi və alternativ maliyyə mexanizmlərinin inkişafı beynəlxalq iqtisadi sistemdə yeni meyillərin formalaşdığını göstərir. De-dollarizasiya prosesinin yaxın dövrdə mövcud maliyyə sistemini köklü şəkildə dəyişdirəcəyi gözlənilməsə də, qlobal iqtisadi güc mərkəzlərinin daha çoxşaxəli xarakter alması artıq müşahidə olunan reallıqdır.
Xüsusilə enerji ixrac edən ölkələr üçün mövcud vəziyyət həm yeni perspektivlər, həm də risklər yaradır. Yüksək enerji qiymətləri qısamüddətli dövrdə əlavə gəlirlər formalaşdırsa da, qlobal iqtisadi artımın zəifləməsi və beynəlxalq ticarətdə müşahidə olunan məhdudiyyətlər uzunmüddətli perspektivdə yeni çağırışlar yaradacaq. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və texnoloji investisiyaların artırılması daha da aktuallaşır.
Son olaraq onu demək olar ki, BVF, Dünya Bankı, WEF və digər beynəlxalq təşkilatların 2026-cı il üzrə qiymətləndirmələri göstərir ki, dünya iqtisadiyyatı böhran deyil, qeyri-müəyyənlik dövründən keçir. Beynəlxalq artımın 2,6–3,1% intervalında proqnozlaşdırılması iqtisadi fəaliyyətin davam etdiyini göstərsə də, geosiyasi qarşıdurmalar, enerji bazarındakı risklər və qlobal iqtisadi parçalanma meyilləri inkişaf perspektivləri üzərində ciddi təzyiq yaradır. Bu şəraitdə dövlətlərin əsas vəzifəsi iqtisadi dayanıqlılığı gücləndirmək, yeni texnologiyalara investisiyaları artırmaq və dəyişən beynəlxalq iqtisadi mühitə çevik şəkildə uyğunlaşmaqdan ibarətdir.
çap et