Vaxt.Az

“Real”dan “Barselona”ya ağır ittiham


 

Madridlilər Katalon klubunun Avropa yarışlarından kənarlaşdırılmasını və titullarının əlindən alınmasını tələb edir

“Real”dan “Barselona”ya ağır ittiham İspaniyanın “Real Madrid” klubu keçmiş hakim funksioneri Xose Mariya Enrikes Neqreyra işi ilə bağlı sənədləri UEFA-ya təqdim edib.

VAXT.AZ “Diario AS” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi “Barcelona” klubuna qarşı sanksiyaların tətbiq olunmasını və Neqreyraya ödənişlərin həyata keçirildiyi dövrdə qazanılmış titulların ləğv edilməsini tələb edir.

Söhbət “Barselona”nın 2001–2018-ci illər arasında əldə etdiyi uğurlardan gedir. Həmin dövrdə Kataloniya təmsilçisi 9 dəfə İspaniya çempionu olub, 8 dəfə İspaniya Superkubokunu, 6 dəfə isə İspaniya Kubokunu qazanıb.

2023-cü ildə “Barselona” keçmiş hakim funksioneri Xose Mariya Enrikes Neqreyraya rüşvət verməkdə ittiham olunmuşdu. İspaniya prokurorluğunun məlumatına görə, Neqreyra 2001–2018-ci illərdə klubdan müxtəlif məsləhət xidmətləri müqabilində təxminən 7 milyon avro alıbmış.

Rüşvət ittihamı 2023-cü ilin sentyabrında irəli sürülsə də, 2024-cü ilin mayında məhkəmə həm klub, həm də Neqreyra ilə bağlı işdə rüşvət maddəsini çıxarıb.

2026-cı ilin mayında yenidən “Real Madrid”in prezidenti seçilən Florentino Perez seçkiqabağı çıxışında “Real Madrid”in “Barselona” ilə münasibətlərinin tamamilə kəsildiyini bəyan edib.

Perezin sözlərinə görə, Madrid klubu “iyirmi il ərzində hakimlərə pul ödəyən komanda ilə heç bir əlaqə saxlamaq istəmir”.

Hazırda UEFA tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi qərar açıqlanmayıb. Buna görə də “Real Madrid”in müraciətinin qəbul olunub-olunmayacağı və bunun “Barselona”nın Avropa turnirlərində iştirakına təsir edib-etməyəcəyi hələlik məlum deyil.

 





08.06.2026    çap et  çap et