Vaxt.Az

“İran qarşısında tək qala bilər”


 

Trampdan Netanyahuya xəbərdarlıq

“İran qarşısında tək qala bilər” ABŞ Prezidenti Donald Trump İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon danışığında İranla qarşıdurmanın regional müharibəyə çevriləcəyi təqdirdə İsrailin tək qala biləcəyi barədə xəbərdarlıq etdiyini açıqlayıb.

VAXT.AZ xəbər verir ki, Tramp İsrailin “Kanal 12” telekanalına müsahibəsində Netanyahu ilə İran ətrafında yaranmış gərginliklə bağlı apardığı müzakirələrin təfərrüatlarını bölüşüb.

ABŞ liderinin sözlərinə görə, o, Netanyahudan İranın raket hücumlarına cavab verməməyi xahiş edib.

“Ona dedim ki, atacağı addımlarda çox diqqətli olmalıdır. Əks halda, çox yaxın zamanda İran qarşısında tək qala bilər”, – Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar barədə ona son anda məlumat verilib. Bununla belə, o, əməliyyatın miqyasını məhdudlaşdırmağa nail olduqlarını iddia edib.

Tramp həmçinin bildirib ki, Vaşinqton və Tehran arasında vasitəçilik təşəbbüslərində iştirak edən beş regional dövlət İsrailin hücumlarının dayandırılması üçün ona təzyiq göstərib.

Onun sözlərinə görə, İran rəsmiləri də səhər saatlarında ABŞ ilə əlaqə saxlayaraq İsrailə qarşı yeni hücum planlaşdırmadıqlarını və qarşılıqlı zərbələrin dayandırılmasını istədiklərini bildiriblər.

ABŞ Prezidenti əlavə edib ki, bundan sonra Netanyahu ilə yenidən telefon danışığı aparıb və İsrail liderini hücumları dayandırmağa razı sala bilib.

Tramp İranla genişmiqyaslı razılaşmanın əldə edilməsinin hələ də mümkün olduğunu vurğulayaraq, Tehranın da belə bir sazişdə maraqlı olduğunu söyləyib.

Bundan əvvəl İsrail mediası Netanyahunun Trampın müraciətindən sonra İrana qarşı hücumları dayandırmağa razılaşdığını, lakin Livan istiqamətində əməliyyatların davam etdiriləcəyini yazmışdı.

Xatırladaq ki, İsrail ordusu atəşkəsə baxmayaraq ötən gün Livanın paytaxtı Beyrutun Dahiya rayonuna hava zərbəsi endirib. Bundan sonra İran rəsmiləri cavab verəcəklərini bəyan etmiş, gecə saatlarında isə İsrail ərazisinə üç dalğa raket hücumu həyata keçirilmişdi.

Qarşılıqlı hücumlardan sonra İran Silahlı Qüvvələrinin müharibə əməliyyatlarını idarə edən “Xatəmül-Ənbiya” qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb.

 





09.06.2026    çap et  çap et