Vaxt.Az

“BYD” qara siyahıda


 

Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi

“BYD” qara siyahıda ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli olduğu iddia edilən şirkətlərin siyahısını yeniləyib. Siyahıya “Alibaba”, “Baidu” və “BYD” kimi Çinin ən böyük texnologiya və sənaye şirkətləri də əlavə edilib.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, Pentqaon açıqlamasında bu şirkətlərin Çin ordusuna dəstək verdiyi iddia edilir. Qurumun siyahısında ABŞ milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən şirkətlərin adları yer alıb. Yenilənmiş siyahıya Çinin aparıcı texnologiya nəhəngləri olan “Alibaba”, “Baidu Tencent” və “BYD” kimi şirkətlərin adı əlavə edilib.

“Alibaba Group” isə ittihamları rədd edərək bildirib ki, şirkət nə Çin ordusuna aiddir, nə də hərbi-sivil inteqrasiya strategiyasının bir hissəsidir.

“Baidu” da Pentaqonun qiymətləndirməsi ilə razılaşmadığını və siyahıdan çıxarılmaq üçün bütün hüquqi addımları atacağını açıqlayıb. “BYD” isə qərara qarşı hüquqi və inzibati yollara müraciət edəcəyini bildirib.

Yenilənmiş siyahıya həmçinin “ChangXin Memory Technologies”, “Yangtze Memory Technologies” kimi çip istehsalçıları da daxil edilib. Bundan əlavə, robototexnika sahəsində fəaliyyət göstərən “Unitree Robotics” şirkəti də siyahıya əlavə olunub.

Qeyd olunur ki, siyahı birbaşa hüquqi sanksiya tətbiq etməsə də, ABŞ ordusu ilə əməkdaşlıq imkanlarını məhdudlaşdırır və investorlara risk siqnalı kimi qəbul edilir. Ekspertlər bunu gələcək daha sərt iqtisadi məhdudiyyətlərin göstəricisi kimi qiymətləndirirlər.

Siyahıya daxil edilən şirkətlər ittihamları qəbul etmir və qərarın ləğvi üçün hüquqi mübarizə aparacaqlarını bildirirlər.

 





09.06.2026    çap et  çap et