Almaniyanın keçmiş kansleri Angela Merkelin təqaüd dövründə aldığı maaş və dövlət tərəfindən ona təqdim edilən əlavə imtiyazlar ölkədə sosial ədalət müzakirələrini yenidən gündəmə gətirib. 16 il Almaniyaya rəhbərlik etdikdən sonra təqaüdə çıxan Merkelin aldığı aylıq gəlirin həcmi ictimaiyyətin diqqət çəkib.VAXT.AZ “Die Zeit” qəzetinə istinadən xəbər verir ki, Merkelin aylıq ümumi gəliri təxminən 15 min avro təşkil edir. Bu göstərici ölkədə orta pensiyanın təxminən 1600 avro olduğu bir vaxtda geniş müzakirələrə səbəb olub.
Merkelin gəliri adi vətəndaşların istifadə etdiyi dövlət pensiya sığortası sistemi əsasında hesablanmır. O, təxminən 31 illik siyasi fəaliyyəti ərzində deputat, nazir və kansler vəzifələrində çalışdığı üçün xüsusi dövlət təminatı sistemindən yararlanır.
Almaniya hökuməti şəxsi məlumatların qorunması səbəbindən keçmiş kanslerin dəqiq xalis pensiya məbləğini açıqlamır. Bununla belə, mediada yer alan rəqəmlər siyasətçilərin pensiya təminatı ilə bağlı mübahisələri yenidən alovlandırıb.
Pensiya ilə yanaşı, Merkel dövlət tərəfindən maliyyələşdirilən bir sıra xidmətlərdən istifadə etməyə davam edir. Məlumatlara görə, onun üçün xüsusi iş ofisi ayrılıb. Keçmiş kanslerin sərəncamında ofis rəhbəri, iki müşavir, katiblik xidməti və sürücü var. Təhlükəsizliyi isə Almaniyanın Federal Kriminal İdarəsi tərəfindən təmin edilir.
Merkel aktiv siyasətdən uzaqlaşdıqdan sonra əsasən memuarlar üzərində işləyir, beynəlxalq tədbirlərdə qatılır və müxtəlif konfranslarda çıxış edir.
Bununla yanaşı, Almaniyada siyasi partiyaların keçmiş hökumət üzvlərinə verilən pensiya və sosial təminat sistemində ciddi dəyişikliklərə isti yanaşmadığı bildirilir. İqtisadi çətinliklər, inflyasiya və yaşayış xərclərinin artdığı bir dövrdə keçmiş yüksək vəzifəli siyasətçilərə təqdim olunan imtiyazlar cəmiyyətdə daha çox sual doğurmağa başlayıb.
çap et