Rəsmi məlumata görə, “BakuBus” ötən 2025-ci ildə büdcədən 100 milyon manat dotasiya alıb. Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması üçün 50,7 milyon manat, 4 şəhərdə – Xankəndi, Cəbrayıl, Ağdam və Laçında elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların və 3 şəhərdə – Şuşa, Cəbrayıl və Laçında avtostansiyaların tikintisi, habelə şəhərdaxili və şəhərlərarası daşımaların icra edilməsi məqsədilə müvafiq olaraq, elektrik və yüksək ekoloji standartlara cavab verən dizel yanacaqlı avtobusların alınması üçün 49,3 milyon manat ayrılıb.Qaraj tikintisi, avtobusların alınması – bunları anlaşılandır. 49,3 milyon manat bu işlərə xərclənib, yəni, maddi texniki bazanın yaradılmasına ayrıca pul alırlar.
Sərnişindaşımaya görə 50,7 milyon manat dotasiya ödənilib. Rəsmi rəqəmlərə görə “BakuBus” hər gün 557 min sərnişin daşıyır. Məsafədən asılı olaraq gedişhaqqı 0.60, 0.70, 0.80 və maksimum 1.30 manatdır. Yalnız hava limanına gedən avtobuslarda 1,5 manat ödəniş edilir. Ortalama 65 qəpikdən götürsək, günə 362 min, aya 10,861 milyon, bir ilə 130 milyon manat dövriyyə olur. Yəni, “BakuBus” öz dövriyyəsinin 40 faizə yaxınını büdcədən, yəni, bizim ödədiyimiz vergidən dotasiya alır.
“BakuBus” MMC gün ərzində paytaxtın marşrut şəbəkəsinə orta hesabla 280-320 avtobus çıxardır. Ortalama 300 avtobus götürsək, hər daşıyıcı günə 1200 manat vəsait toplayır. Deməli aya 36200 manat vəsait yığılır. Bəs ayda 36200 manat yığan avtobus niyə ziyanla işləsin ki, üstəlik dotasiya da alsın?! Nədir xərcləri? Nə qədər və hara xərcləyirlər? Bununla bağlı “BakuBus”un hesabatı varmı? Sürücünün maaşı, yanacaq (yaxud elektrik), təmir və s. – bu xərclər ayda nə qədərdir ki, 36200 manat vəsait yığan sərnişin avtobusu öz xərclərini ödəyə bilmir?!
çap et