Vaxt.Az

«Qızım varsa, niyə yanımda deyil?»


 

Aqşin Yenisey: «3 ildir onu mənə göstərmirlər»

«Qızım varsa, niyə yanımda deyil?» Hazırda xəstəxanada müalicə alan Aqşin Yenisey ötən həftə ANS-ə verdiyi müsahibəsində iki uşağı olduğu halda, birinin adını çəkməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.


Aqşinin keçmiş həyat yoldaşı, qızının anası Aysel Əlizadə aznews.az-açıqlamasında onu qızına qarşı soyuq münasibətdə ittiham etmişdi. Aqşin isə «Şərq» qəzetinə müsahibə verərək yenidən bu mövzuya toxunub. Həmin müsahibə vaxt.az oxucularına təqdim edirik:

Bir müddət əvvəl səhhətində ciddi problemlər yaşayan gənc şair Aqşin Yenisey üçün çətin günlər geridə qalıb. Qaraciyər serrozunu yenən şair artıq ciyərinin itirdiyi fəaliyyətini bərpa etdiyini deyib. Orqanizminin müalicəyə qarşı çox yaxşı reaksiya verdiyini vurğulayan şair səhhətində müsbətə doğru xeyli irəliləyiş olduğunu və gün keçdikcə özünü daha da yaxşı hiss etdiyini bildirib:

«Evə çıxmaq üçün həkimlərin qərarını gözləyirəm. Müalicəm davam edir, amma yüngülvari formada. Əvvəlki kimi şiddətli ağrılarım olmadığı üçün müalicəm də intensiv deyil. Sadəcə olaraq, orqanizmimdə çatışmayan cəhətlər var ki, onların bərpası ilə məşğulam. Artıq serroza qalib gəlmişəm. Qaraciyərim özü-özünü bərpa etməyə başlayıb. Vaxtı ilə ciyərimin böyük bir hissəsinə yığılan su tamamilə çəkilib. Üz-gözümü «boyayan» sarılıqdan əsər-əlamət qalmayıb. İlk gəldiyim gündə mənə diaqnoz qoyulan xəstəliklərin demək olar ki, 90 faizinin yaxşı mənada öhdəsindən gəlmişəm. Bir sözlə, budəfəlik «kəfəni yırtdım».

 

- Əvvəlki müsahibələrinizdə səsiniz və ovqatınız xoş idi, amma Mirşahin Ağayevlə müsahibənizdə bir az əzgin və halsız görünürdünüz. Birdən-birə halınızın pisləşməsinə səbəb nə idi?

- Yox, elə bir ciddi problem yoxdur. Həmin gün əməliyyatdan yenicə çıxmışdım. Əslində mənə nəinki ekran qarşısında müsahibə vermək, heç danışmaq da olmazdı. Çünki boğazımdan mərkəzi vena damarına dərman köçürtmək üçün kateter deyilən vasitədən taxmışdılar. Keyidici iynənin təsiri keçdikdən sonra isə o ağrı verir. Ona görə də, danışa bilmirdim. Sadəcə olaraq, əvvəlcədən Mirşahin Ağayevlə həmin günə görüş təyin etmişdim deyə, birtəhər özümü sıxıb danışdım. Halbuki həmin vəziyyətdə mənə danışmaq olmazdı və uzun müddət uzanıqlı vəziyyətdə qalıb, istirahət etməli idim ki, yaranın ağrısı keçsin və orqanizmim özünü bərpa etsin. Amma həmin gün reanimasiyadan palataya köçürülməyimin üstündən heç yarım saat keçməmiş Mirşahin bəy gəldi. Mən də söz vermişdim deyə, müsahibə verməli oldum. Kəskin ağrılara rəğmən bacardığım qədər dözdüm. Amma onu deyim ki, həmin gün çox ağrı çəkdim. Hər söz deyəndə kateterin ağrısı başıma vururdu. Halsızlığımın səbəbi budur, yoxsa ki, orqanlarımda heç bir problem yoxdur. Sırf müsahibə ilə əməliyyat arasındakı vaxt çox qısa olduğu üçün ağır xəstə kimi görünmüşəm. Başqa heç nə.

 

- Müalicəniz nə qədər davam edəcək? Evə çıxmağınızla bağlı həkimlər nə deyir?

- Mənim xəstəxanadan çıxmağım həkimlərimin bir yerdə keçirəcəyi toplantıdan və orada əldə olunacaq qərardan asılı olacaq. Amma mənə deyilənə görə, burdan çıxandan sonra da iynə-dərman yazacaqlar, evdə müalicə almağa davam edəcəyəm. Hazırda ciddi problemim olmasa da, həkimlər hər şeyi bir-bir sınaqdan keçirirlər. Xəstəliyin yenidən qayıtma ehtimalının nə dərəcədə mümkün olub-olmadığını dəqiqləşdirməyə çalışırlar. Odur ki, hələ həkimlər «get» deyənə qədər buralıyam.

 

Səhhəti ilə bağlı danışan şair son zamanlar qızından imtinası ilə bağlı mətbuatda yayılan söz-söhbətlərə də məhz «Şərq»də aydınlıq gətirib.

 

- Bir az şəxsi məsələ olsa da, mövqeyinizi bilmək istərdik. Mirşahin Ağayevə müsahibənizdə «bir oğlum var» deməyiniz və 4 yaşlı qızınız İzelin adını çəkməməyiniz sizin haqqınızda mənfi rəy yaratdı. «Aqşin qızından imtina edib» kimi sərlövhələr mətbuatın gündəminə gəldi...

- Mənim qızımdan imtina etməyim barədə deyilənlər doğru deyil. Sadəcə belə bir məsələ var ki, 3 ildi öz qızımı mənə göstərmirlər. Qızım haradadır, neyləyir, bunların heç birindən xəbərim yoxdu. Faktiki olaraq, bu uşağın mənimlə heç bir əlaqəsi yoxdu, qızımla münasibət qurmağa nə qədər çalışsam da, süni şəkildə buna əngəllər törədilir. Qızımın 4 yaşı var, amma anam hələ də onu görməyib. Halbuki mən rayona gedəndə, ya da anam Bakıya gələndə dəfələrlə zəng vurub xahiş etmişəm ki, anam nəvəsini görmək istəyir. Amma hər dəfə bir bəhanə ilə uşağı məndən uzaq tutublar. İndi mən necə deyim ki, mənim qızım var. Qızım varsa, niyə yanımda deyil? Niyə 3 ildir onu görməyimə imkan vermirlər? Məhz bu səbəbdən demişəm ki, bir övladım var. Faktiki olaraq, yanımda olan odur. Mən çox konkret və səmimi adamam. Əgər mən qızımdan imtina edəsi olsam, bunu məhkəmə yolu ilə edərdim. Mətbuat vasitəsilə yox. Bir yaş yarımlığından öz qızımın üzünü görməmişəm. Məndən asılı olmayan səbəblərdən ona atalıq edə bilməmişəm. Hansı haqla «qızım var» deyə bilərəm?

 

- Amma qızınızın anası onun sizinlə görüşməsinə heç bir qadağa qoymadığını, əksinə, dəfələrlə sizi yaxınlaşdırmağa çalışdığını deyib: «Çox çalışdım ki, onları yaxınlaşdırım, onda atalıq hissini oyadım ki, övladım nakam böyüməsin. Özüm İzeli onun yanına apardım. İzelin artıq 4 yaşı tamam olub, amma Aqşinin anası hələ də uşağın üzünü görməyib. Qardaşları görüb, çünki mən aparmışam, tanış eləmişəm. Sonra gördüm təkidlə atalıq duyğusu oyatmaq olmaz. Özü uşağa maraq göstərmirdi...»

-  Yox - yox! Mənim anam rayon adamıdır, görüşmək imkanları məhduddur. Amma dəfələrlə bura gələndə mənə deyib ki, zəng vur nəvəmi görməyə icazə versinlər. Hətta mənə rayondan da zəng edib ki, gələndə qızını da gətir, görək necədir, kimə oxşayır... Bir neçə dəfə rayona gedəndə zəng eləmişəm ki, 5-6 günlük kəndə gedirəm. Uşağı da aparım, nənəsi ilə, əmisi ilə görüşsün. Amma hər dəfəsində ya zəlzələdən, ya da vəlvələdən qızımla görüşümüz baş tutmayıb. Gah deyiblər xəstədi, gah da qohumlarımızgildədir deyiblər. Artıq hiss eləmişəm ki, qızımla mənim münasibət qurmağıma anası razı deyil. Sözün açığı, heç indiki vəziyyətdə o qızın məni görməyini istəmirəm də. Daha doğrusu, qızımın atasını belə görməsini istəmirəm. Sistem, iynələr qurtarandan sonra deyirəm ki, imkan varsa, gətirsinlər. Onun məni iynə vurulanda görməsini istəmirəm. 4 yaşlı qızımın 3 ildir üzünü görmədiyi, bəlkə də heç tanımadığı atasını yataqda, qulağında sistem «şnuru», qarnında şlanq asılı vəziyyətdə görsün, istəmirəm. Yenə deyirəm, ayağa qalxandan sonra imkan yaratsalar görmək istəyərəm. Yox əgər görüşdürməsələr də, neyləyim? Mən elə adam deyiləm ki, məhkəmələrdə uşaq üstündə çəkişəm. Ya da evlərinə gedib, dava edəm ki, qızımı mənə göstərin. Hər zaman hər şeyin mədəni və sivil qaydada həllinə çalışmışam. İllər öncə, Aysel xanım məhkəməyə ərizə verərək mənimlə yaşamaq istəmədiyini bildirib. Mən də buna yetəri qədər humanist yanaşaraq, ərizəsində nə yazmışdısa, hamısı ilə razılaşdım və bizi boşadılar. 2010-11-ci ildən bəri bizim şəxsi münasibətlərimiz başa çatıb. Hər ikimiz müstəqil həyat sürmüşük. Ola bilsin, müsahibə zamanı emosional vəziyyətdə olub o qızın adını çəkib, bir qız, bir oğlum var deməmişəm. Amma reallıq budur ki, mənim bir qızım, bir oğlum var. İkisi də mənim övladımdır. Oğlum mənim yanımdadır, amma qızımı məndən gizlədirlər axı!

 





20.06.2014    çap et  çap et