Vaxt.Az

Muğannanın ailəsilə maraqlanan yoxdur


 

Mərhum yazıçının xanımı gözünün əməliyyatı üçün pul tapmır

Muğannanın ailəsilə maraqlanan yoxdur Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) ölümündən sonra onun ailəsi maddi çətinliklərlə üzləşib. Buna görə də həyat yoldaşı Firuzə xanım gözlərini əməliyyat etdirə bilmir.


Hətta imkansızlıq ucbatından onun əməliyyatı belə gecikir: «Gözüm çox zəif görür. Ehtiyacım var ki, əməliyyat olunum. Ancaq istənilən məbləğ olduqca çoxdur. Səbirli insanam, hər şeyi gözləyirəm. Bilirəm ki, bu problemim həll olacaq. İsadan sonra hər şeyə ehtiyacımız var. Maddi baxımdan bir az problemlərimiz olur».

O, həmçinin Modern.az-a danışarkən İsanın dostlarından da razılıq edib: «Mən sevinirəm ki, İsanın özü kimi yaxşı dostları olub. Çünki onun ölümündən sonra da onu unutmadılar. Bu 2 ay müddətində İsanın bütün dostları bizim yanımıza gəldi. Sağ olsunlar, hamısı bizə qarşı diqqətli oldu. Nizami Cəfərov, Anar tez-tez zəng edirlər. Zəlimxan Yaqub da əhvalımızı soruşur, arada gəlib bizimlə maraqlanır».

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza «Şərq»ə açıqlamasında bundan məlumatsız olduğunu bildirib: «Yazıçılar Birliyi qurumun büdcəsinə uyğun olaraq müraciət edənlərə köməklik edir. Ancaq tələb olunan məbləğ AYB-nin mövcud imkanları daxilində deyilsə, Anar müəllim Səhiyyə Nazirliyinə müraciət edir. Məsələ də öz həllini tapır. Buna görə də Firuzə xanım bizə müraciət etsə, məsələnin hər iki həll yolunu nəzərdən keçirərik. Sonunda X.Rza müraciət olmasa belə, İsa Muğannanın həyat yoldaşına köməklik etməyə çalışacaqlarını qeyd edib: «Məsələ ilə əlaqədar Anar müəllimə məlumat verəcəm».

 





20.06.2014    çap et  çap et