Vaxt.Az

«Yığışırlar, şərab içirlər...»


 

Metyu Brayza Ziyafət Əsgərova nəyi etiraf edib?

«Yığışırlar, şərab içirlər...» «Bu gün beynəlxalq hüquq ağır durumdadır. Heç beynəlxalq hüququn qapısını da döyən yoxdur, çünki heç nəyi həll edə bilmir». APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında sədrin birinci müavini Ziyafət Əsgərov deyib.


O qeyd edib ki, bu gün millətlərin hüququnun müdafiəçisi olan BMT böyük dövlətlərin çubuğu ilə oturub-durur: «Beynəlxalq hüquq böyük dövlətlər üçün əyləncədir». Z.Əsgərov bildirib ki, Bakıda keçirilən NATO PA seminarında azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri açıqlamaqdan ibarət olub: «Fikrimcə, buna müəyyən qədər nail ola bildik. İkinci məqsəd Azərbaycanın Avroatlantik məkanda əhəmiyyətini vurğulamaqdan ibarət olub. Bu məsələ də geniş şəkildə müzakirə olundu. Beynəlxalq hüquq çox dərin böhrandadır. Heç onun qapısını döyən də yoxdur. Kimin problemini həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Amma obyektivlik istəyən kimsə ora müraciət etmir. Beynəlxalq hüquq bir sıra dövlətlərin əlində məşğuliyyət, əyləncədir, kiçik dövlətlər üçün məhdudiyyət. Böyük dövlətlər yığışırlar, şərab içirlər, özləri ilə məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb».

Birinci vitse-spiker bildirib ki, Metyu Brayza onunla söhbətində ikili standartlar olduğunu təsdiqləyib: «Deməli, biz bu reallıqla nəzərə alıb işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Prezident, dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq».

 





20.06.2014    çap et  çap et