Türkiyə mətbuatı zabitlərin iyunun 19-da sərbəst buraxılacağını yazıblar. Əsas şübhəlinin həyat yoldaşı bildirib ki, xidmətdə və istefada olan zabitlərin həbsində ədalətsizliyə yol verilib. Hakimiyyət orqanları buna görə cavab verməlidirlər.
İyunun 18-də Türkiyənin Konstitusiya Məhkəməsinin çıxardığı hökmə görə, zabitlərin «rəqəmsal» sübutlar və şahidlikdən imtina ilə bağlı hüquqları pozulub.
Xatırladaq ki, 2010-2012-ci illəri əhatə edən məhkəmələrlə baş nazir Rəcəb Tayyip Ərdoğan Türkiyə silahlı qüvvələrinin nüfuzunu azaltdı. Baş nazir siyasi rəqiblərini sakitləşdirmək üçün məhkəmələrdən istifadə etdiyinə görə ittiham olundu.
2003-cü ildə Ərdoğanın hakimiyyətə gəlməsindən az sonra hazırlanan «Gürz planı»na görə, zabitlər onu Ədalət və İnkişaf Partiyasından (AKP) kənarlaşdırmaq istəyirdilər.
Ərdoğanın hakimiyyəti altında, 2010-cu ildə keçirilən konstitusiya referendumu Mustafa Kamal Atatürkün qurduğu Türkiyə dünyəvi respublikasının qoruyucusu kimi, silahlı qüvvələrin müdaxilə qabiliyyətini azaltdı.
Hakimiyyət orqanları cavab verməlidir
Əsas şübhəli, sabiq Birinci Ordu komandanı general Çetin Doğanın həyat yoldaşı Nilgül Doğan bildirib ki, hakimiyyət orqanları şübhəlinin 4 il həbsdə saxlanmasına görə cavab verməlidir. «Həyat yoldaşlarımız bir az istirahət edəndən sonra biz bu ölkə, uşaqlarımız və nəvələrimiz üçün mübarizə aparmağa davam edəcəyik», - o deyib.
Qeyd edək ki, avqust seçkilərində Ərdoğan Türkiyə prezidenti olmaq istəyir.
İyunun 18-də isə başqa bir məhkəmə qərarıyla sabiq ordu rəhbəri 96 yaşlı Kənan Evrən və sabiq hərbi hava qüvvələrinin rəhbəri 89 yaşlı Tahsin Şahinkaya işgəncə, həbslər və ölümlərə səbəb olan 1980-ci il çevrilişinə görə ömürlük həbsə məhkum ediliblər.