Vaxt.Az

Vəzifə təyinatında ciddi yoxlanış


 

Proses «Dövlət sirri haqqında» qanuna uyğunlaşdırılacaq

Vəzifə təyinatında ciddi yoxlanış Azərbaycanda «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.


«Qafqazinfo» xəbər verir ki, qanunlara edilən dəyişiklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini «Dövlət sirri haqqında» Qanuna uyğunlaşdırmaqdır. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur. Mövcud qanunda olan həmin maddədə isə öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslərin öyrənilməsi qeyd olunub. 

«Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunun 6-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin «Dövlət sirri haqqında» qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur. Mövcud qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi qeyd edilib. 

Eyni zamanda « Dövlət sirri haqqında» Qanuna da aşağıdakı kimi dəyişiklik edilib. Vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir. Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir: «Vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir».

 





20.06.2014    çap et  çap et