Ukraynanın «Naftogaz» şirkətinin Rusiyanın «Qazprom» şirkətinə borcunu ödəməsi ilə bağlı danışıqlarda Rusiya və Ukrayna razılığa gələ bilməyiblər. Rusiya Ukraynaya təbii qaz təchizatını dayandırsa da, Ukrayna vasitəsilə Avropaya təbii qaz təchizatını davam etdirəcəyini bildirib. Aİ-nin enerji məsələləri üzrə komissarı Gunter Ottinger bundan sonra narahatlığa əsas olmadığını deyib.
«Önümüzdəki həftələrdə narahatlığa heç bir əsas yoxdur. Bizim Avropaya çatacaq qədər təbii qazımız var. Qışda kifayət qədər təbii qaz istehsal olunmadığına görə yaxın həftələrdə ehtiyat çənləri doldurmaq lazımdır. Ona görə də biz Avropada özümüz və Ukrayna üçün çənləri tam doldurmalıyıq. Bu isə Ukrayna və Rusiya arasındakı növbəti danışıqlardan asılıdır. Hesab edirəm ki, hazırladığımız «tənzimləmələr paketi» Avropa əhalisini qarşıdan gələn qışda müvafiq qazla təchiz olunmasına kömək edəcək», - Gunter Ottinger Vyanadakı çıxışında bildirib.
Ottinger Moskvanı təbii qaz üçün Ukraynaya güzəştli qiymət təklif etməyə çağırıb. Bu ay çoxlu danışıqlar aparılacağına ümid etdiyini bildirib. Qeyd edək ki, Gunter Ottinger Ukrayna, Rusiya və Aİ arasında üçtərəfli dialoqa vasitəçilik edib.