«Qafqazinfo»nun xəbərinə görə, «Turan» agentliyinə açıqlamasında Rəbiyyət Aslanova deyib: «Mediada mənə və oğlum Elnur Aslanova qarşı başlanan kampaniya ilk gündən şər, böhtan, yalan və iftiradan başqa bir şey deyil. Qətiyyətlə bəyan edirəm ki, həm mən, həm də oğlum Elnur Aslanov dövlətimizə, xalqımıza, dövlət başçımıza həmişə sədaqətli olmuşuq və bundan sonra da sədaqətli olacağıq».
Açıqlamasında Rəbiyyət Aslanova sözügedən xəbərlərin sifarişlə yayıldığını iddia edib: «Azərbaycanda hər kəs bunun hansı mənbədən qaynaqlandığını yaxşı bilir. Bu kampaniya başlanandan üç dəfə Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət edərək mənim və oğlumun fəaliyyətinin tam araşdırılmasını xahiş etmişəm. Bu gün də qəti əminliklə bildirirəm ki, bir millət vəkili, Azərbaycan vətəndaşı olaraq mənim və oğlumun fəaliyyətində zərrə qədər belə nöqsan tapa bilməzlər. Dönüklük, etibarsızlıq və sədaqətsizlik kimi keyfiyyətlər bizə yaddır. Mən və oğlum xalqımızın və dövlətimizin etimadını hansı vəzifədə olmağımızdan asılı olmayaraq həmişə şərəflə daşımışıq və daşıyacağıq».