Məlumata görə, G.Əhmədovanın telefonla danışdığı şəxslərdən biri də türkiyəli iş adamı, mərhum Sevinc Babayevanı İstanbulda yaşadığı günlərində himayə edən Səlcuq Ağlayan olub. «Yeni Müsavat» S.Ağlayanla əlaqə saxlayıb, bu danışığın detallarını öyrənməyə cəhd etdi.
- Səlcuq bəy, həbsdən çıxandan sonra Gülər xanımla danışmısınızmı?
- Xeyr, onu sizə kim deyibsə, səhvi var. Amma «Yeni Müsavat» vasitəsilə ona «keçmiş olsun» diləklərimi çatdıra bilərəm. Hər halda, bir anadır və hər bir ana öz uşaqlarının yanında olmalıdır. Mənim elə bir görüşmə tələbim olmadı. Onun da belə bir tələbi olacağını zənn etmirəm. Xoşagəlməz bir hadisə yaşandı. Nəticədə kimin suçsuz, kimin suçlu olduğu üzə çıxdı. Bununla bağlı özü mənə zəng edərsə, təbii ki, «keçmiş olsun» arzumu bildirərəm. Mən heç ona zəng etməyi düşünmədim. Heç zəng edə də bilmərəm. Çünki məndə onun telefon nömrəsi yoxdur.
- O da sizə zəng etmədi?
- Xeyr, etmədi.
- Daha öncə tez-tez Bakıya gələcəyinizi deyirdiniz. Deyəsən, səfər təxirə salındı...
- Yox, mütləq gələcəyəm. Sadəcə, indi çoxlu işlərim var. Bakıya 15-20 günlüyünə xeyirli bir iş üçün gələcəyəm. Bilirsiniz ki, mənim orda qohum-əqrəbam var. Oradan bacım oğluna bir qız alacağam, oğlum üçün də qız axtarmağa gələcəyəm.
- Gələndə Sevinc Babayevanın məzarını ziyarət etməyi, ailə üzvləri ilə görüşməyi düşünürsünüz?
- Təbii. Mütləq Sevinc xanımın məzarını ziyarət edəcəyəm, anasının əllərindən öpəcəyəm, oğlunu görəcəyəm. Böyük bir ehtimalla onların qonağı olacağam. Təbii ki, onlar qəbul edərlərsə.
«Sevinc xanımın məzarını ziyarət edəcəyəm, anasının əllərindən öpəcəyəm...»
- Bəs Bakı səfərinizdə Gülər xanımla görüşəcəksinizmi?
- Yox, Gülər xanımla görüşmək istəmirəm. Niyə onunla görüşüm? Mən Sevinc xanımın ailəsinin qonağı olub da sonra necə Gülər xanımla görüşüm? Əlaqəli və ya əlaqəsiz suallar yaranıb. Ona görə də mənim onunla təmasım doğru bir qərar olmaz. Bununla belə, heç kimlə, eləcə də Gülər xanımla hansısa düşmənçiliyim yoxdur. Nə Sevinc xanımın ailəsi ilə, nə də Gülər xanımla aramda problem olub. Gülər xanımı zatən tanımıram. Nəyin nə olduğunu bilmirəm, kimin nə qədər haqlı, nə qədər haqsız olması barədə məlumatım yoxdur. Amma mən burda onların ucbatından çox böyük sıxıntılar yaşadım. Həm maddi, həm mənəvi sıxıntılardan gedir söhbət. Söylənilən suçları etməsə belə, mən özümlə bağlı baş verənləri dedim. İndi durub onunla nə danışım?
- Ona qarşı bir incikliyiniz var?
- Başımı bəlaya saldı mənim. Bilmədiyimiz bir işə görə bir sıxıntının içinə girmiş oluruq. Biz bir insana yardım edək deyərkən, sən demə, oralarda tamam başqa şeylər olmuş. Necə deyərlər, fillər vuruşmuş, arada otlar əzilmiş. Belə baxanda bu işin mənimlə nə əlaqəsi vardı ki? Təbii ki, o qadın haqqında da heç nə demək istəmirəm. O qadın da məni tanımır, nəyə görə belə bir hadisənin ortasında qaldığımı bilmir. Amma mən Sevinc xanımgilin evinə gedəcəyəmsə, onun anasının əlini öpəcəyəmsə, arada bir inciklik varsa, Gülər xanımla görüşməyim doğru olmaz. Məncə, Gülər xanım da Sevinc xanımgilə getsin, onların ailəsinə başsağlığı versin, söhbət etsin, haqlı, doğru olduğunu göstərsin. Dostluğunu göstərsin bu ailəyə. Mənim onunla görüşməyimə heç bir ehtiyac yoxdur.